09 yanvar 2025 00:27
137

Bütün savaşların ssenarisi Qərbdə yazılır

Cənubi Qafqazda geosiyasi mübarizə artıq çoxdandır ki, özünü göstərməkdədir. Bir çox ölkələrin, məsələn, ABŞ, Fransa kimi dövlətlərin regionda yerləşmək niyyəti artıq gizlədilmir də. Maraqlar naminə müxtəlif çirkin əməllərə əl atılır, hətta marionet dövlət olan Ermənistan da silahlandırılaraq, bir çox ölkələrin əlində alət kimi istifadə edilir. Göründüyü kimi, məhz Azərbaycanın son bir neçə ildə hərbi və geosiyasi cəhətdən qüdrətlənməsi Qərbi çox ciddi narahat edir. Bu səbəbdən də məğlub Ermənistanı öz vassallarına çevirmək üçün ona hərtərəfli yardımı, xüsusilə də hərbi dəstəyi ön plana keçiriblər. Ermənistana ardıcıl maliyyə və humanitar yardımının göstərilməsi, silahlandırılması istiqamətində atılan addımlar, Paşinyan başda olmaqla bu marionet dövlətin rəsmilərinə edilən siyasi reveranslar Avropa təsisatlarının ədalətli ola bilməmələrinin sübutudur.

Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistanda gedən silahlanma prosesi, Cənubi Qafqaz üçün yeni təhdid amilidir: “Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil.”

Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyalarında erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən avropalı parlamentarilər daş atıb başlarını tuturdular ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar utanıb-qızarmadan, abır-həya etmədən bunun əksini deyirlər. Dünya erməni lobbisinin əlində alət olan AŞPA-nın bu üzdəniraq deputatları Azərbaycanı qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə olmuş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı BMT-nin müşahidə missiyası onların bu ərazidən öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdi.

Regionda dəyişən reallıqları qəbul etməyən Fransa və onların əlaltıları olan qurumlar anlamalıdır ki, 30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədə əldə etdiyimiz Zəfər ilə regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir.

Reallıq budur ki, Azərbaycan tarixi Zəfəri ilə bir daha əksər dünya güclərinə sübut etdi ki, heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərməyib və bundan sonra da döndərə bilməz. Belə qərəzli yanaşma Azərbaycanın yürütdüyü siyasətə təsir etmək imkanında deyil.

Şəmsiyyə Əliqızı, “İki sahil”