Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi beynəlxalq aləmdə mövqeyi möhkəmlənən Azərbaycanın dünyada baş verən hadisələrə ədalət prinsipləri əsasında göstərdiyi dəyərdir
Siyasi peşəkarlığı, qətiyyəti ilə yüksəldiyi, şəxsi keyfiyyətləri ilə formalaşdırdığı «liderlik şəraiti»ndə «liderlik kapitalı»ndan zəkası ilə istifadə etməklə perspektivi görmək istedadı, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyət yaratmaq bacarığı ilə dəyərlər sistemini zənginləşdirən Prezident İlham Əliyev fəlsəfi dünyagörüşünə malik şəxsiyyət, təcrübəli dövlət xadimi olduğunu artıq təsdiqləyib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimdəki bütün dünya ictimaiyyətini düşündürən, planetimizin gələcəyi üçün təhlükə yaradan iqlim dəyişmələrinə dair təhlili çıxışı ilə diqqəti cəlb edən Prezident İlham Əliyev növbəti dəfə sülhsevər, humanitar siyasətini daha geniş auditoriyadan bəyan etdi. Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən, dövlətlər, müxtəlif beynəlxalq təşkilatlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin müəllifi olan, Avrasiyanın enerji və daşımalar yollarını dəyişən, məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması üçün səylərini artıran Azərbaycanın müəllifi olduğu meqalayihələrə artan maraq bu reallığı təsdiqləyir.
BMT-nin Nizamnaməsinə, bu təşkilatın Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə, beynəlxalq hüquqa uyğun siyasəti ilə Ermənistanın işğalı altında qalan torpaqlarını düşməndən təmizləyən, 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə ədaləti, suverenliyimizi bərpa edən Prezident İlham Əliyevin Fransa neokolonializminə qarşı apardığı mübarizə, 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, qarşılıqlı əməkdaşlıq prinisipləri əsasında formalaşan Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə dəstəklənməsi Lider qətiyyətinin məntiqi təsdiqidir. 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatında uğurlu təmsilçiliyi, Avropa İttifaqının (Aİ) 10 üzvü ilə enerji və nəqliyyat layihələri ilə bağlı sazişlər, Strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayan Azərbaycan çoxtərəfliliyin tərəfdarı olmaqla mədəniyyətlərarası dialoqların fəal iştirakçısı və müəllifidir. Hazırda Yaşıl gündəliyi ilə diqqət çəkən Azərbaycan Avropaya alternativ enerji, təbii qaz icracı sahəsində də öndərliyini qoruyub saxlayır və potensialını artırır. COP29-un Liderlər Sammitində Azərbaycana qarşı aparılan təxribatların heç bir əsası olmadığını «Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!» sözləri ilə bildirən Prezident İlham Əliyevin qətiyyətinin daha bir təsdiqi dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibə oldu.
Bu faktları xatırlatmaqla Prezident İlham Əliyevin sözügedən müsahibəsinin bir neçə epizoduna diqqət yetirək. Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı məlum həqiqətləri Rusiya tərəfinin «quş» və «qaz balonunun partlaması» kimi uydurma versiyalarla ört-basdır etməsinə etirazını peşəkarcasına bildirən, «Rusiya tərəfi Azərbaycandan üzr istəməli, öz günahını etiraf etməli, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir» kimi şərtlərin yerinə yetirilməsində israrlı olan Prezident İlham Əliyev lider qətiyyəti ilə faciənin ədalətli araşdırılmasını tələb etdi. Ritorikadan kənar bu cür iradə və mövqe nümayişi yalnız güclü liderlərə xas xüsusiyyətlərdir.
Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində yuxarda xronika kimi sadalanan məsələlərə daha geniş, liderə xas təmkinlə aydınlıq gətirən Prezident İlham Əliyev Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycanın təmsil olunduğu təşkilatlarla əməkdaşlığını beynəlxalq və regional sülhə töhfə kimi dəyərləndirdi. COP29-u siyasi motivlər səbəbindən boykot cəhdlərini təbii fəlakətlərə, milli münaqişələrə, terrorlara, iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı mübarizənin qarşısına çəkilən sədd təxribat adlandırdı: «Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.» Göstərilən qətiyyətin məntiqi nəticəsi isə COP29-un Azərbaycan diplomatiyasının uğur hekayəsi adlandırılması, 10 il ərzində tərəflərin karbon bazarı ilə bağlı dalana dirənən Paris Sazişinin 6-cı maddəsi üzrə razılığın əldə edilməsi olmaqla, Prezident İlham Əliyevin Lider qətiyyətinin beynəlxalq səviyyədə dəsətəklənməsi və təsdiqi idi. Yəni, on il ərzində razılaşdırılmayan qlobal problem Bakıda həllini tapdı. Azərbaycanın Yaşıl gündəliyinə maraq artdı. «Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi» söyləyən dövlət başçımız sualları cavablandırmaqla Azərbaycana qarşı aparılan məqsədyönlü dezinformasiyaların əsassız olduğunu dövlətçilik təcrübəsi, peşəkarlığı ilə sübuta yetirdi.
Ötən ilin sonlarında Azərbaycanın İslam həmrəyliyinin birlik rəmzi olan, Türkiyənin təşəbbüsü ilə yaradılan D-8-ə üzvlüyə qəbulunu respublikamızın dünyaya açılan növbəti pəncərəsi kimi xarakterizə edən Prezident İlham Əliyev bu təmsilçiliyi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, genişlənən rolu kimi dəyərləndirdi: « D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.»
Xarici siyasətinə uyğun ehtiyacı olan ölkələrə humanitar yardımlar göstərən Azərbaycan Suriyada yaranan gərginlikdən əziyyət çəkən yeni hökumətin formalaşmasına dəstək göstərən Türkiyədən sonra ikinci ölkə oldu. «Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq» sözləri ilə yeni dünya nizamının formalaşdığı mürəkkəb proseslərdə ölkəmizin öz sözünü qətiyyətlə deyəcəyini əminliklə bildirdi: «Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.» Prezident İlham Əliyev bildirir ki, xalqlar arasında həmrəyliyin möhkəmlənməsinə önəmli töhfələr verən Azərbaycan bu istiqamətdə siyasətini daha qətiyyətlə davam etdirəcək.
ABŞ, Aİ ilə münasibətlərə aid suala aydınlıq gətirən dövlət başçımız Bayden Administrasiyasının hakimiyyəti dövründə ikili standartların tətbiqi ilə xəfifləşən Amerika-Azərbaycan münasibətlərinin qarşılıqlı anlaşma prinsipləri əsasında davamı üçün səylərin artırılacağını bildirdi : «Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər? Bayaq dediyim kimi, Sorosun bu yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı. Yəni, bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır. Biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində bu davam etdi. Ona görə ümidlər var.»
Beynəlxalq münasibətlər sistemində hadisələrə, dövlətlərə öz maraqları baxından yanaşan, hadisələri qeyri-obyektiv dəyərləndirən Avropa İttifaqını , Avropa Komissiyası kimi digər təşkilatların Azərbaycana qarşı planlaşdırdıqları təxribatların əlaqələrə xələl gətirdiyini faktlar əsasında diqqətə çatdıran, Aİ-nin Mülki Müşahidə Missiyasının « binokl diplomatiyası»nı beynəlxalq hüquq normalarına hörmətsizlik adlandıran Prezident İlham Əliyev məsələ ilə bağlı sualı aydın və müşahidə olunan narahatlıq əsasında cavablandırdı: «Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu… Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər.»
Ermənistanın silahlandırılmasına adekvat cavab veriləcəyini bildirən , Avropa Parlamentinin rüsvayçı davranışını tənqiq edən Prezident İlham Əliyev qətiyyətlə söylədi ki, Azərbaycan normal şəraitlər çərçivəsində əməkdaşlığa hər zaman hazırdır. Suveren Azərbaycanı asılı vəziyyətdə saxlamaq, bizə mühazirə oxumaq istəyənlərə də xəbərdarlıqlar səsləndirildi: «Gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək. Təəssüf ki, bunların bütün fəaliyyəti bizim Avropa İttifaqı ilə proqramların hamısını dayandırmağımıza gətirib çıxardı.» Yəni, yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək. Artıq inkaredilməz faktdır ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yalnız regionumuzda yox, bütün dünyada sarsılmaz gücə çevrilib.
«Bu, ilk dəfə idi ki, Rusiya dövləti digər dövlətdən üzr istəyirdi. Çoxları buna inanmırdı, amma bu, baş verdi və bütün bunlar onun göstəricisidir ki, Azərbaycan güclü dövlətdir, onunla hesablaşmalı olduqlarını anlayırlar, başa düşürlər. Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir?» sualını «Necə deyim sizə, birincisi, böyük məsuliyyətdir. İlk növbədə, mən öz vəzifəmə bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz. İkincisi, böyük şərəfdir» sözləri ilə cavablandıran Prezident İlham Əliyev bir daha qürurlu, ədalətli bir xalqın sarsılmaz gücə malik dövlət başçısı olduğunu təsdiqlədi. Əlavə olaraq bildirdi ki, ən böyük ədalətsizlik elə ədalətsizlikdir. «Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.»
Dövlət başçımızın ənənəvi olaraq yerli televiziya kanallarının əməkdaşları ilə görüşü, dünyada baş verən hadisələrə verilən suallara dövlətçilik təcrübəsi əsasında aydınlıq gətirməsi, Azərbaycanın demokratik, sağlam cəmiyyət kimi, mövqeyini ortaya qoyması, Bakı Təşəbbüs Qrupunu yaratmaqla tükənmiş ümidləri alovlandırmaq təşəbbüsləri ölkəmizin dəstəklənən diplomatiyasının uğuru, Cənubi Qafqaz xəyalına düşənlərin iflasa məhkumluğudur.
Xuraman İsmayılqızı, «İki sahil»