09 yanvar 2025 01:57
164

Makronun burnunun uzunluğu…

Hamımız uzunburun adamlar görmüşük. Amma Fransanın başabəla başçısı Emmanuel Makronun burnu lap görənəkdir. Onu Cənubi Afrikada, Avropanın şimalındakı ölkələrdə görüblər. Bir neçə ildir ki, Makronun burnu Cənubi Qafqazda, gaha doğrusu Ermənistanda peyda olub. Bir neçə ay əvvəl isə Gürcüstanda bir donqar burun görünüb, maraqlananlar onun Emmanuel Makronun burnu olduğunu öyrəniblər. Tarixdən məlumdur belə yırtıcı burunlar Fransada yetişir.

Dünyanın ən müxtəlif ərazilərindəki ölkələrdə yerləşmək, onları müstəmləkə əsarəti altına salmaq və yerli xalqların varidatını zorla əllərindən almaq “ənənəsi” Fransanın dövlət siyasətinə çevrilib. Bu siyasət artıq dörd yüz ildir ki, davam etməkdədir. Emmanuel Makron hakimiyyəti ələ keçirəndən sonra Fransa Avropanın jandarmı rolunu da öz üzərinə götürməyə cəhdlər edir. Cənubi Qafqaza rəml atan Makron Ermənistandan sonra Gürcüstana da əl uzadıb. Heç kəsə sirr deyil ki, Gürcüstandakı parlament seçkilərində xalqın iradəsini heçə sayan avantürist Makron Tbilisidə qanlı qarşıdurmaların təşkilində iştirak edənlərdən biridir. Fransa prezidentinin məqsədi öz xalqına qarşı çıxan Salome Zurabişvilini parlamentə sədr “təyin” etməklə öz adamlarını oraya yerləşdirmək və özünə sərf edən qərarları qəbul etdirmək imkanını ələ keçrməyə çalışır. Ancaq onun bu avantürası xalqına sadiq kadrlar tərəfindən qətiyyətlə rədd edilir. Onlar yaxşı bilirlər ki, Fransa koloniyalara çevirdiyi ölkələrdən yüz illərlə çıxmır. Cənubi Afrika qitəsinin onlarla irili-xırdalı dövləti dörd yüz ilə yaxındır ki, Fransanın qanlı caynaqlarından qurtula bilmir. Dərin narahatlıq keçirən Gürcüstanın hakimiyyət təmsilçiləri bu barədə artıq açıq mətnlə yazırlar. Gürcülər dünyanı xərçəng xəstəliyi kimi sarmış Fransa bəlasından yaxa qurtarmaq üçün yollar axtarırlar.

“Yeni seçkilər Fransada siyasi böhrandan yaxşı çıxış yolu ola bilər”.

Bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb. O, paylaşımı ilə Fransanın Gürcüstandakı səfiri Şeraz Qasrinin Emmanuel Makronun Gürcüstanla bağlı bəyanatına verdiyi həyasız şərhə münasibət bildirib: “Mən Fransanın daxili siyasətinə qarışmaq fikrində deyiləm, amma nəzərə alsaq ki, fransızların 61 faizi prezident Makronun istefasını dəstəkləyir və 50 faizi Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər”.

Bəyəm Makron kimi siyasi dələduz istefa verər? Parisin küçələrində üzünə tüpürülən və sifətinə şapalaq vurulan Makron istefa barədə düşünmədi, indi bir gürcünün tənəsindən utanıb istefa verərmi? Əlbəttə, yox. Axı, onda belə siyasi mədəniyyət yoxdur. Bu eqoist, dərisi 5 qəpiyə dəyməyən, xalqlar cəlladı insan qanı sormasa yaşaya bilməz. Bu mərəz ona insanların başını kəsib muzeylərdə nümayiş etdirən barbar babalarından irsən keçib. Zavallı Makronciyəz qaniçən ata-babalarından nə əxz etməli idi ki?

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin isə siyasi mədəniyyəti göz önündədir. Bildirir ki, Fransanın daxili işlərinə qarışmır. Ancaq zombiləşmiş Emmanuel Makron zorbalıq edərək başqa dövlətlərin daxili işlərinə kobudcasına müdaxilə etməkdən çəkinmir. Demokratiyadan, insan haqlarından dəm vuran cəllad insanların qanını axıdır, bunun günahını da elə onların öz üzərlərinə atmaqdan utanmır.

Səfir Şeraz Qasri “X” hesabında Emmanuel   Makronun iki gün əvvəlki çıxışına şərhində yazıb ki, Fransa prezidenti etirazçıların və Salome Zurabişvilinin qətiyyətini yüksək qiymətləndirir və qeyd edir ki, yeni seçkilər siyasi böhrandan çıxış yolu ola bilər. Görürsünüzmü, bu da ələkçinin qılverənlərindən birinin sözləridir. O da burnunu gürcülərin daxili işlərinə soxmaqdan çəkinmir. Vəzifəsi elçilik, söz daşımaq olan bu yaramaz diplomat sahibinə quyruq bulayır, başıpozuq Makrona haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır, onun cinayətlərinə şərik olduğunu bildirir. Çünki qarşıdakı vəzifə pillələrində gözü var…

Makron öz ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə burnunu Fransadan min kilometrlərlə uzaqda olan ölkələrin daxili işlərinə soxmaqla məşğuldur. Görəsən Makronun burnunun uzunluğu nə qədərdir? Yüz minlərlə günahsız insanın qanının axıdılmasına görə vicdan əzabı çəkirmi? Çəkməz. Əgər vicdanı olsaydı qan axıdılmasına yol verməzdi. Yəqin ki, ona öz xaçı və insanların incidilmiş ruhları qənim olacaq.

Vəli İlyasov, “İki sahil”