08 yanvar 2025 14:37
202

Zəngəzur dəhlizi açılmalıdır!

Ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi istər ölkəmizdə, istərsə də qlobal arenada maraqla izlənildi. Dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi gündəliyini, eyni zamanda Azərbaycanın sosial sahədəki addımlarını, Qarabağın bərpasını və digər aktual məsələləri şərh edərək vacib nüanslara toxundu. Azərbaycan lideri həm də dünyada baş verən geosiyasi prosesləri dəqiq təhlil etməklə ölkəmizin mövqeyini nümayiş etdirdi, əhəmiyyətli mesajlar ünvanladı, mühüm siyasi bəyanatlar verdi. Prezident bir daha ölkəmizin yaxın-uzaq ölkələrlə münasibətlərinin hazırkı durumuna və əlaqələrimizin gələcəyinə dair münasibətini açıqladı. Xüsusilə də dövlət başçısının dünyaya öz idbar siyasətini qəbul etdirməyə çalışan və buna görə beynəlxalq sistemi təhdidlərlə üzləşdirən Qərbin üzləşdiyi hazırkı vəziyyətə verdiyi qiymət böyük maraq doğurur. İkinci Dünya müharibəsindən sonra yaradılmış sistemin artıq öz potensialını itirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etdi ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və digər hadisələr təsdiqləyir.

Heç kimə sirr deyil ki, bir çox ölkələrə öz siyasi iradəsini sırımağa çalışan Qərbin aparıcı ölkələrində ümumi siyasi və mənəvi atmosfer ürəkaçan deyil. İdeoloji müflisləşməyə məruz qalan “Qoca qitə” düşdüyü təhlükəli vəziyyətdən çıxmağa çalışır, ancaq bunu edərkən daha kobud geosiyasi səhvlərə yol verir. Məhz mövcud reallıqdan çıxış edərək cənab Prezident birmənalı şəkildə aparıcı Qərb ölkələrinin siyasi və mənəvi böhranla üzləşdiyini vurğuladı. Dövlət başçısı bu qiymətləndirmədə tək olmadığını, Qərbdə yaranmış vəziyyətin aparıcı dövlət liderləri tərəfindən də tənqid edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu tənqidin ədalətli olduğunu xüsusilə vurğuladı, ona görə ki, Qərb sistemi özünü tükəndirmişdir. Bu tükənmə özünü demək olar ki, bütün sahələrdə göstərir. Yeni müstəmləkəçilik siyasətinin davam etdirilməsi də buna sübutdur.

Müsahibəsində Prezident qəti şəkildə bildirdi ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır, müasir dünya reallıqları məhz bunu diqtə edir.

Prezident İlham Əliyev müsahibəsində ermənidən daha çox erməni olmağa çalışan fransızların, daha doğrusu, Yelisey sarayında məskunlaşan siyasi rəhbərliyin anti-Azərbaycan siyasətindən də danışdı. Dövlət başçısı Azərbaycan-Fransa münasibətlərinin real vəziyyəti və gələcəyi barədə  maraqlı açıqlamalar da verdi. Azərbaycan lideri diqqətə çatdırdı ki, son bir neçə ay ərzində rəsmi Bakı Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alır. Parislə təmaslara hazır olduğunu, ancaq dialoqun ancaq Bakıda baş tutacağının mümkünlüyünü bildirməklə Prezident İlham Əliyev prinsipial mövqeyini ortaya qoydu. Bu, əlbəttə, güclü liderin, müstəqil xarici siyasət yürüdən dövlət rəhbərinin sarsılmaz iradəsinin təcəssümüdür!

Azərbaycan uzun illər davam edən erməni separatçılığının kökünü kəsdi. 44 günlük müharibədə otuz illik erməni işğalına son qoydu. Bütün vəhşiliklərinə baxmayaraq rəsmi Bakı ermənilərə sülh gündəmini təklif etdi. Ancaq Azərbaycanın xeyirxahlığından istifadə edən Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək, Bakının haqlı tələblərini qəbul etməyə tələsmir. Regionu öz geosiyasi ambisiyalarına tabe etdirmək istəyən Qərbin bəzi ölkələrinin hərbi və maliyyə yardımını alaraq sürətlə silahlanma yolunu tutan rəsmi İrəvan İkinci Qarabağ müharibəsinin nəticələrini reviziya etməyə can atır. Son zamanlar isə Ermənistanda revanşizm əhval-ruhiyyəsinin güclənməsi erməni faşizminin hələ də “diri” olduğunu göstərir. Əlbəttə, belə bir hal Azərbaycanı narahat etməyə bilməz. Buna görə də, Prezident İlham Əliyev bir daha Ermənistana aydın şəkildə sərt mesaj ünvanlandı: Azərbaycanın səbrilə oynamayın və erməni faşizmi məhv edilməlidir! Dünyanın bir çox mətbuat orqanlarında da geniş yer verilən bu mesajlara ermənilərin diqqətlə qulaq asmaları zəruridir. Prezidentin bəyan etdiyi kimi, əks təqdirdə, Azərbaycanın özü erməni faşizminə son qoyacaq!  Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın bərqərar olmasının vacibliyinə toxunan dövlətimizin başçısının fikri qətidir, Zəngəzur dəhlizi açılmalıdır! Ölkəmizin ərazi bütövlüyünün tək təminatçısı olan Prezident İlham Əliyevin ən böyük gücü xalqa bağlıdır. Onun yürütdüyü siyasət bütöv bir xalqın istəyidir və bu siyasətin arxasında xalq dayanır.

Rəşad Mahmudov,
​Milli Məclisin deputatı