08 yanvar 2025 11:36
135

Atılan addımların təqdimatı

Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması araşdırılır, bütün məlumatlar ictimaiyyətə çatdırılır. Cənab İlham Əliyev dekabrın 29-da bununla bağlı Azərbaycan Televiziyasına müsahibə verdi. Həmin müsahibə görülmüş təxirəsalınmaz tədbirlərin, Azərbaycan dövlətinin atdığı addımların təqdimatı oldu.

AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşlarını dayandırmasından bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər: “Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər.  AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını dayandırdı, müddətsiz olaraq. Eyni zamanda, biz Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını da dayandırmışıq. Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır”.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın Rusiyadan tələblərinə də diqqəti yönəltdi. Qeyd edildi ki, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı.  Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Öz günahını etiraf etməlidir. Günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir. Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, Azərbaycanın şərtləridir.

Onlardan birincisi təmin edildi. Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısı İlham Əliyevə zəng vuraraq Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etdi, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırdı, xəsarət alanların tezliklə şəfa tapmasını dilədi. 

Azərbaycan digər şərtlərin də qəbul ediləcəyinə əmindir. Ölkə Prezidentinin vurğuladığı kimi, bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır: “Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Yanvarın 6-da Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bir daha bu məqamlara diqqəti yönəltdi ki, Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi: “Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır”.

Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq Azərbaycanda  həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanıb. Qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır. Cənab İlham Əliyev  bir daha vurğuladı ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri