07 yanvar 2025 16:41
153

Tələblərimiz ədalətlidir və beynəlxalq hüququn norma və prinsiplərinə söykənir

Təxminən 2 həftə bundan öncə - dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan  Azərbaycan Hava Yolları (AZAL) QSC-nin “Embraer 190” təyyarəsinin Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğraması  bu gün də dünya mediasının aktiv müzakirə mövzularından biridir. Hər kəs günahkarları qınayır və həyatları bahasına 30-dək sərnişinin xilas edən pilotlarımızın yüksək peşəkarlıqlarından və  qəhrəmanlığından söz açır.

Hadisənin və qəza nəticəsində baş vermiş çoxsaylı insan tələfatının səbəbləri Azərbaycan, Qazaxıstan, Rusiya hökumətlərinin birlikdə və ayrı-ayrılıqda yaradılmış müvafiq dövlət komissiyaları ilə yanaşı həm də müstəqil ekspertlər və mütəxəssisslər tərəfindən araşdırılmaqdadır. 

Faciəyə müxtəlif rakurslarda fokuslanmış baxışlar mövcuddur. Öncə onu qeyd edək ki, hadisənin baş vermə səbəbləri içərisində siyasi motiv axtaranlar və bununla da dövlətlərarası münasibətlərə xələl yetirməyə çalışanlar tam yanlış istiqamətdə düşünürlər, çünki adi məntiq bu versiyanı qəbul edə bilməz. 

Azərbaycan Prezidenti İlham Əliyev həm qəzanın baş verdiyi gün ifadə etdiyi açıqlamalarında, onun ardınca həlak olmuş ekipaş üzvləri ilə vida mərasimində iştirak edərkən Azərbaycan televiziyasına verdiyi müsahibəsində, daha sonra isə həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə dünənki görüşü zamanı bu məsələlərə xüsusi diqqət yetirmişdir. O, faciənin terror hadisəsi olmadığına əminliyini ifadə etmiş, lakin Rusiyanın müvafiq orqanlarının məsuliyyətsiliyi üzündən qaranlıq məqamların mövcudluğuna işarə vurmuşdur: “Hava məkanının bağlanması mənasını verən Qroznıdakı "xalça" əməliyyatı təyyarə yerdən vurulduqdan sonra elan edildi. Bu, bir daha onu göstərir ki, burada cinayət tərkibi olan çox ciddi məsələlər var… Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi... Biz işin ört-basdır edilməsi, bunu hansısa quşların və ya qaz balonunun adına çıxmaq cəhdini gördükdə, təbii ki, həm mənim, həm də Azərbaycan ictimaiyyətinin bu strukturun təhqiqatının obyektivliyinə ciddi şübhələri yarandı. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq”. Mediada yayılmış son məlumatlara əsasən artıq təyyarənin “qara qutu”ları  onların istehsal edildiyi Braziliyada Azərbaycan nümayəndələrinin iştirakı ilə açılaraq oxunmuş və Aktauya göndərilmişdir.

Cənab İlham Əliyev dekabrın 27-də böyük siyasi cəsarət və iradə nümayiş etdirərək Azərbaycanın tələblərini  açıq şəkildə Rusiya tərəfinə  bildirmişdir: “Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır”. Bu mövqe və açıq-aydın bəyanatlar həm də səmimiyyətin ifadəsi kimi ölkələrimiz arasında mehriban qonşuluğa və dostluğa əsaslanan münasibətlərin inkişafına töhfə verən məqam kimi dəyərləndirilməlidir.

Azərbaycan Prezidentinin mövqeyinə uyğun olaraq, hesab edirəm ki, hadisəyə beynəlxalq hüququn norma və prinsiplərinin tələbləri çərçivəsində münasibət bildirilməlidir. Bunun üçün dünya ölkələrinin böyük əksəriyyətinin tərəfdar çıxdığı bir sıra beynəlxalq mexanizmlər mövcuddur. 1944-cü ildə ABŞ-nın Çikaqo şəhərində qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya beynəlxalq aviasiyanın əsas prinsiplərini, xüsusən də iştirakçı ölkənin ərazisi üzərində uçuş qaydalarını, təyyarənin milli mənsubiyyət prinsipini, beynəlxalq uçuşların asanlaşdırılmasını, beynəlxalq standartları və tövsiyə olunan təcrübəni (SARPs) müəyyən edən sənəddir. Bu konvensiya tənzimləyici, nəzarət və sanksiyaların tətbiqi kimi funksiyalara malikdir. Bundan əlavə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) yaradılması da məhz Konvensiyanın tələbi kimi reallaşmışdır. Bu təşkilat BMT yanında assosiativ orqan olmaqla Konvensiyanın müddəalarının və ona əlavələrin icrasına nəzarət edir, həmçinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə vaxtında baxış keçirir və əlavələr aparır.

Müxtəlif dövrlərdə Konvensiyaya edilmiş bir neçə əlavə vardır ki, Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfinə tələblərə dair onların tətbiqi mümkün görünür və qarşı tərəfin üzərinə bir sıra öhdəliklər qoyur. Buraya:

 - hava gəmisinin qanunsuz müdaxilə aktına məruz qalması halında müvafiq orqanlarla əlaqə saxlamaq üçün prosedurlarını müəyyən edən Hava Qaydalarına dair 2-ci əlavə;

 - qanunsuz müdaxilə aktına məruz qalmış və ya məruz qaldığı hesab edilən hava gəmisin informasiya təminatı ilə bağlı tələblərin müəyyən edildiyi Hava Hərəkəti Xidmətləri haqqında 11 saylı Əlavə;

 - Beynəlxalq Mülki Aviasiya, Hava Gəmiləri Qəzaları və İnsidentlərinin Araşdırılması haqqında 13-cü Əlavə, hava gəmisinin qanunsuz müdaxilə aktına məruz qaldığı barədə dərhal müvafiq dövlətlərə məlumat verilməsi ilə bağlı tələbin ehtiva olunduğu – “Aerodromlar” adlı 14-cü Əlavə;

 - “Təhlükəsizlik – Beynəlxalq Mülki Aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunması” adlı 17 nömrəli əlavə və digərləri daxildir.

Çikaqo Konvensiyasının tələblərinin reallaşması Beynəlxalq Ədalət Məhkəməsini də gündəmə gətirə bilər. Sənədin 13-cü maddəsi araşdırmanın ilkin hesabatının 30 gün, yekun hesabatın isə 12 ay ərzində təqdim olunmasını tələb edir.

Bundan əlavə, 1971-ci ildə Monrealda qəbul edilmiş Mülki Aviasiyanın Təhlükəsizliyinə Qarşı Qanunsuz Hərəkətlərə Qarşı Mübarizə üzrə Konvensiya da mülki aviasiya sahəsində baş vermiş cinayətlərin səciyyəsini müəyyənləşdirilməsi baxımından ciddi beynəlxalq sənəddir.

Həmin konvensiyara söykənərək bu qisimdən olan məsələlərin ədalətli həllinə nail olunmasına dair misallar da az deyil. Məsələn, 1988-ci ildə ABŞ-nın hərbi gəmisindən atılan raketlə İranın sərnişin təyyarəsinin vurulması nəticəsində ekipaj üzvləri və 300-dək sərnişin həlak olmuşdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, dövlət səviyyəsində üzr istənilməsə də, prezident Ronald Reyqan faciə ilə bağlı üzüntüsünü ifadə etmiş və ABŞ 1.2 milyard dollar təzminat ödəmişdi.

Digər bir nümunə. BMT-nin Haaqa Beynəlxalq Məhkəməsi Şotlandiyanın Lokkerbi şəhəri üzərində ABŞ-a məxsus 270 nəfərlik mülki təyyarənin partladılmasında Liviya hökumətinin əli olduğunu sübuta yetirdikdən sonra  prezident Muammar Kaddafi Liviya, Böyük Britaniya və ABŞ nümayəndələri arasında əldə olunan razılığa əsasən iqtisadi sanksiyaların tamamilə aradan qaldırılması müqabilində Liviya həlak olanların hər birinin ailəsinə 10 milyon ABŞ dolları ödənməsini təmin edib.

Qroznı hadisəsinə bənzər qəza 2020-ci ilin yanvarında İran ərazisində baş verib. "Ukraynanın Beynəlxalq Hava Yolları" sərnişin təyyarəsi Tehran üzərində qəzaya uğradıqdan sonra İran hakimiyyəti hava gəmisinin İran hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulduğunu etiraf etmiş və həlak olanların hər birinin ailəsinə 150 min dollar təzminat ödəmişdir.

Bundan əlavə, zərərçəkmiş tərəfin İCAO xətti ilə günahkarları qınama və sanksiya tətbiqi ilə bağlı qərarlarına da nail olması da mümkündür. Belə qərarlar yaxın keçmişdə Rusiya və Belarusiyaya qarşı tətbiq edilmişdir.

Əlavə olaraq, zərərçəkmişlərin və ya onların ailə üzvlərinin təzminatla bağlı  birbaşa beynəlxalq məhkəmələrə müraciət etmək hüququ vardır.

Bütün bunlar və Azərbaycan xalqının lideri cənab İlham Əliyevin dəmir iradəsi və müstəqil siyasətə söykənən prinsipial mövqeyi onu deməyə əsas verir ki, haqq-ədalət  tezliklə öz yerini tutacaq və təyyarəmizin qəzaya uğramasının baiskarları öz layiqli cəzalarını alacaqlar.

Əli Hüseynli,
​Milli Məclisin deputatı