25 dekabr 2024-cü ildə Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 dekabr 2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeropotunda Azərbaycan Televiziyasına müsahibə vermişdir. Dövlətimizin Başçısı jurnalistin hadisə ilə bağlı verdiyi sualı cavablandırarkən bu barədə məlumatı Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını, dərhal Bakıya geri döndüyünü bildirdi.
Bakıya gələn kimi hava limanında operativ müşavirə keçirdiyini bildirən cənab Prezident İlham Əliyev onun göstərişi ilə Dövlət Komissiyasının yaradıldığını və müvafiq qurumların nümayəndələrindən ibarət heyətin dərhal işə başlaması üçün Aktau şəhərinə ezam edildiyini bildirmişdir. Nümayəndə heyəti təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı, yerində müşahidə aparmalı, video, fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup da ezam edilmişdir. Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır.
Jurnalistin sualını cavablandırarkən Dövlətimizin Başçısı demişdir: “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təyyarə ekipajının fəaliyyətini, peşəkarlığını çox yüksək qiymətləndirdiyini bildirdi. Pilotların həm peşəkarlıq, həm də qəhrəmanlıq göstərmişlər ki, idarəolunmaz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etmişlər. Pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Məhz pilotların qəhrəmanlıqları sayəsində təyyarə qəzasında sağ qalanlar var.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri