07 yanvar 2025 09:44
136

Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə, öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hər ilin konkret bi sahənin adı ilə bağlı olması, yaxud əlamətdar günləri, ölkəmizin həyatında mühüm rol oynayan hadisələri özündə ehtiva etməsi hərtərəfli inkişafın prioritetliyini təsdiqləyir. Ötən il yaşıl keçidin güclü çarçısı kimi tanınan, «Yaşıl dünya naminə həmrəy olaq!» çağırışını edən Azərbaycanda bu il «Konstitusiya və Suverenlik İli» elan edildi. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan sənəddə qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycanın tarixinə faciəli bir dövr kimi yazıldı. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti ölkəmizi böyük faciələrlə, təhlükələrlə üz-üzə qoydu. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. Ölkədəki vəziyyətin ağırlığı xalqın sabaha inamını itirdi. Belə çətin günlərdə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. İqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Azərbaycanın demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda qazandığı uğurlardan bəhs edərkən 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamızı xüsusi qeyd etməliyik. Konstitusiya demokratiyanın ən mühüm nailiyyətlərindən biridir.

Bu reallığı xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə yenidən bərpa etsə də, xalqımız bunun sevincini yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Məhz həmin dövrdən ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın ilk Milli Konstitusiyası təşkil etdi. Nəzərə alsaq ki, Konstitusiya siyasi, iqtisadi, sosial aktdır, bu halda onun yerinə yetirdiyi missiya daha qabarıq şəkildə özünü büruzə verir. Cəmiyyətin siyasi sisteminin əsaslarını təşkil edən bu ali sənəd hüquq normalarının məcmusundan ibarətdir. İqtisadi və sosial akt olaraq, özündə ehtiva etdiyi müddəalarda dövlətin ali məqsədi olan insanların yüksək rifahının təmin edilməsi missiyasının yerinə yetirilməsinə töhfələrinin davamlılığının təminatı məqsədilə daim təkmiləşməni, yeniləşməni zəruri edir. Bu baxımdan qeyd edə bilərik ki, 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiya həmin dövrün ən təkmil Konstitusiyası idi. Lakin illər keçdikcə siyasi, iqtisadi, sosal və digər sahələrdə əldə olunan uğurlar, yeniliklər, dünya təcrübəsinə istinad və sair kimi biri-birindən əhəmiyyətli mühüm addımlar Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini bir tələbə çevirdi. Ən əsası bir məqamı da xüsusi qeyd etməliyik ki, müasir dövr informasiya-kommunikasiya texnologiyaları əsridir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin və həm də dövlətin iqtisadi inkişafınin təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi kimi əhəmiyyətli məsələlər də Konstitusiyamızın təkmilləşdirilməsində mühüm rol oynayır. Ali Qanunumuzun qəbulundan ötən 30 ilə yaxın müddətdə Konstitusiyaya 3 dəfə əlavə və dəyişikliyin edilməsi dövlətimizin siyasətində təkmilləşmənin, yeniləşmənin xüsusi önəm daşıdığını təsdiqləyir.

Bugünümüzün reallıqları fonunda bir daha bu həqiqəti böyük inam və fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili siyasəti Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Konstitusiyanın maddələrinin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.

Konstitusiyanın qəbulundan ötən 30 ilə yaxın dövrə qısa baxış bu reallığı ortaya qoyur ki, ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil dövlətimiz bu istiqamətdə bütün maneələri dəf edərək, həyata keçirdiyi uğurlu islahatları ilə dünyanın diqqətindədir. «Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu, bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik» söyləyən Ulu Öndər Heydər Əliyev ölkənin hərtərəfli inkişafını, insan hüquqlarının qorunmasını və müdafiəsini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlayaraq bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Ümummilli Lider eyni zamanda bildirirdi ki, Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Milli Konstitusiyamız demokratikləşmə prosesinin daha da sürətlənməsinə yol açdı. Hər kəs Konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. 34 ilə yaxın müstəqillik tariximizdə görülən işlər də sübut edir ki, Azərbaycan Ulu Öndərin müəyyənləşdirdiyi demokratik dəyərlərə daim sadiq qalmış, inkişaf etdirmiş, beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə diqqətlə yanaşmışdır. İqtisadiyyatı hərtərəfli inkişaf etdirməklə əhalinin sosial müdafiəsinin təminatına qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyev insanların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkirdi. Ulu Öndərin 1998-ci ildə imzaladığı «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanda, «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara tam uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. Bu sahədə müəyyən təcrübə toplamış beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif konvensiyalara, sazişlərə qoşulma müsbət nəticəsini göstərdi.

Son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurlu davamı insan hüquq və azadlıqlarının qorunması sahəsində də özünü qabarıq şəkildə göstərir. Belə ki, görülən işlərin məntiqi nəticəsi olaraq insan hüquqlarının qorunmasının keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsi, təkmilləşdirilməsi üçün nəzərdə tutulan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı qarşıya daha mühüm vəzifələr qoydu. Həmçinin cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun- İnsan Hüquqları Günü kimi təsis edildi. Dövlətin siyasətində insan amilinə yüksək dəyər beynəlxalq təşkilatların hesabatlarında da yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə daha geniş sferanı əhatə edən «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» təsdiq edildi.

Bu faktı da qeyd edək ki, Azərbaycan dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəklənir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Konstitusiyanın «Dövlətin ali məqsədi» maddəsində bu reallıq öz əksini tapıb ki, dövlətin ali məqsədi insan hüquqlarının və azadlıqlarının, həmçinin vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Ali Qanunumuzda insanların hüquqlarının müdafiəsinə xidmət edən maddələrlə yanaşı, onların vəzifələrini müəyyənləşdirən maddələr də öz əksini tapıb. Əvvəldə də qeyd etdiyimiz kimi, vətəndaşların borcu Konstitusiyadan irəli gələn vəzifələri icra, cəmiyyətin idarə olunmasında əsas rol oynayan qanunlara əməl etməkdir.

Göründüyü kimi, bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Dövlət başçısı İlham Əliyev bildirir ki, bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin. Ölkə Prezidenti çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən demokratik islahatlar sahəsində əldə olunan təcrübəyə, nailiyyətlərə diqqət yönəldir. Demokratiyanın başlıca şərtlərindən olan qeyri-hökumət təşkilatlarına dəstəyin artırılması, söz, mətbuat, vicdan azadlığının təminatı, informasiya əldə etmək imkanlarının genişləndirilməsi üçün mükəmməl Konsepsiyaların qəbulu, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, insanlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi, mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının tərkib hissəsi olan etnik azlıqların, təcridxanalarda saxlanılanların hüquqlarının müdafiəsi kimi mühüm amillər Konstitusiyamızda öz əksini tapır. Bütün bunlar Azərbaycan xalqına diqqətin, haqqın, ədalətin göstəricisi olmaqla yanaşı, eyni zamanda qanunun aliliyinə hörmətdən, demokratik dəyərlərə sadiqlikdən irəli gəlir. Konstitusiyaya son əlavə və dəyişikliklərin bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, bir hissəsi isə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə xidmət etsə də, ümumi nəticə insan amilinə dəyərdir.

Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldildi. Son 21 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas hədəf kimi qoyaraq bunun üçün zəruri olan addımları atdı. Təbii ki, burada əsas olan ölkəmizin daha da güclənməsi, qüdrətlənməsi idi. 21 ilin 17 ilinin mənzərəsinə diqqət yetirsək Azərbaycanın bütün sahələrdə davamlı uğurlarının Qələbəyə geniş yol açdığını görürük. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi. Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Hər yeni il yeni hədəflərin başlanğıcıdır. Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bütün sahələrdə qazanılan uğurlara diqqəti yönəldərək hədəfləri açıqladı. Əsas çağırış bu oldu ki, bu hədəflərə nail olmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin sosial-iqtisadi göstəriciləri fonunda cari ilin iqtisadi mənzərəsini təqdim etdi. O da bildirildi ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prioritet məsələdir. Həmçinin hərbi qüdrətimizin artırılması da əsas hədəflər sırasındadır. Dövlət büdcəsindən ayırmalara diqqət yetirdikdə hərbi xərclərin artırıldığını görürük. Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsait ayrılıb. Ümumiyyətlə, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq. 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Bu il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Hər bir sahədə əldə edilən uğurlar Azərbaycanın inkişaf modelinin təqdimatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri bizi yolumuzdan döndərə bilmədi.

Yeganə Əliyeva, «İki sahil»