29 dekabr 2024 09:28
170

Bir ildə 1700-ə yaxın medal!

Azərbaycanda idman sahəsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin idmana xüsusi diqqət göstərməsi bu sahəyə ayrılan qayğının yüksək səviyyədə olduğunu sübut edir. Bu yanaşma ölkənin idman infrastrukturlarının inkişafına, beynəlxalq idman tədbirlərində uğurlara və gənclər arasında sağlam həyat tərzinin təbliğinə səbəb olub. 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə dövlətimizin başçısının çıxışında uğurların vurğulanması həm idmançıların nailiyyətlərinə, həm də dövlət siyasətinin düzgün istiqamətdə olduğuna işarədir.

Prezident İlham Əliyevin sözügedən mərasimdəki çıxışında vurğuladığı kimi,  Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. İl ərzində Azərbaycan bayrağı ilə yarışlara qatıla idmançılarımızın 1700-ə yaxın medal qazanmaları böyük uğurdur: “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Bu uğurların zirvəsi kimi, sonuncu Olimpiya Oyunlarında qazanılan nailiyyətlər xüsusi qeyd olunmalıdır. Sonuncu Olimpiya Oyunlarında Azərbaycan komandasının 30-cu yeri tutması çox böyük nailiyyətdir. Xüsusilə iki yüzdən çox ölkə arasında bu mövqeyi qazanmaq idmançılarımızın peşəkarlığını, hazırlığını və qələbə əzmini göstərir. Dünyada 60-a yaxın müsəlman ölkəsi arasında üçüncü yer Azərbaycanın bu Oyunlara nə qədər ciddi hazırlaşdığını və dünya səviyyəsində tanınan idman ölkəsinə çevrildiyini təsdiqləyir. Bu nailiyyətlər, həm də Azərbaycanın idman sahəsindəki dövlət siyasətinin effektivliyini və gənc idmançılara göstərilən qayğının nəticəsidir.

Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunaraq böyük uğurlara imza atıb. İdmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər. Xatırladaq ki, 2021-ci ildə keçirilmiş Tokio Olimpiadasında idmançılarımız 3 gümüş və 4 bürünc medalla medal sıralamasında 67-ci olmuşdular. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında da bildirib ki, təbii ki, bu gözəl nəticədən sonra növbəti yarışlarda da idmançılarımızdan qələbələr, uğurlar gözləyirik: “İdmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır”.

Bu yarışlarda əldə edilən yüksək nailiyyətlər idmançıların yalnız fiziki zəhmət və məşqlər nəticəsində qazandığı qələbələr deyil, eyni zamanda, onların millətə, torpağa və Vətənə olan bağlılığını da əks etdirir. Vətənpərvərlik hissləri xüsusilə gənclər üçün çox əhəmiyyətlidir. İdmançılar yarışlarda qalib gəldikdə onların qazandığı medallar və Bayrağımızın ucalması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Gənc nəsil bu qələbələrdən ilham alaraq öz Vətənlərinə xidmət etməyə və milli dəyərləri daha da möhkəmləndirməyə təşviq edilir. İdmançılarımızın mübarizəsi müharibə şəraitində Vətənə xidmət edən əsgərlərimizin mübarizəsinə bənzəyir. Bununla Azərbaycan gəncləri yalnız idmanda deyil, həm də Vətənə xidmət sahəsində qürur duymağa haqq qazandıqlarını hiss edirlər. Prezident İlham Əliyev də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında Azərbaycan gənclərinin nümunəvi obrazını göz önündə canlandırıb: “Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, əlbəttə ki, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və edirdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir”. Prezidentin bu fikirləri bir daha Azərbaycan idmançılarının yalnız fiziki güclərini deyil, həm də mənəvi dəyərlərini qoruyaraq cəmiyyətdə nümunəvi vətəndaşlar kimi formalaşmalarını və ölkənin gücünün xalqın gücünə dayandığını təsdiq edir.

Dövlətimizin başçısı öz çıxışında, həmçinin gələcəkdəki fəaliyyətlərimizin idmanın inkişafına yönələcəyini qətiyyətlə ifadə edib. Bu əminlik əsasən son illərdə ölkəmizdə idman sahəsində aparılan islahatlar və müasir, güclü infrastrukturun yaradılması ilə də əlaqəlidir. Hazırda ölkədə idman sahəsinin inkişafı ilə bağlı konkret hədəflər müəyyən edilib və bu hədəflərə çatmaq üçün müxtəlif strukturlar vahid bir strategiya əsasında birləşib. İdman federasiyaları, klublar, Olimpiya Komitəsi və nazirliklər arasında koordinasiya, effektiv işbirliyi və sinxron fəaliyyət həyata keçirilir ki, bu da ölkənin idman sahəsindəki uğurlarını davamlı və güclü edir. Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyasda əhəmiyyətli tədbirlərin keçirilməsi Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasına yönəlmiş ciddi addımların atıldığını göstərir. Bu tədbirlər çərçivəsində inşa edilən Olimpiya Stadionu və digər idman qurğuları, ölkəmizin idman potensialını gücləndirən mühüm vasitələrdir. Bölgələrdəki 44 Olimpiya İdman Kompleksi isə yalnız məşqlər üçün deyil, həm də mötəbər beynəlxalq yarışların keçirilməsi üçün mükəmməl şərait yaradır.

Bu irəliləyişlərin təkcə Bakı ilə məhdudlaşmadığını, həm də işğaldan azad edilən ərazilərdə yeni idman obyektlərinin yaradılmasının davam etdiyini vurğulamaq vacibdir. Bu, sadəcə fiziki infrastrukturun bərpası deyil, həm də cəmiyyətin ruhunun yenidən formalaşdırılması və gələcək nəsillər üçün idman sahəsində möhkəm bir zəminin yaradılması deməkdir. Gələn il Azərbaycanda keçiriləcək Üçüncü MDB Oyunları da ölkəmizin idman sahəsindəki mövqeyini daha da gücləndirəcək, beynəlxalq səviyyədə təcrübə qazandıracaq və xalqımızın idman mədəniyyətini bir daha dünyaya tanıdacaq.

Nigar Orucova, “İki sahil”