Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Təsadüfi deyil ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev də düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı soydaşlarımızın cəsarətli etirazlarını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətlərini qələbəmizə layiqli töhfə kimi qiymətləndirib.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına dəstək təşkil edir. Dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunması Azərbaycan dövlətinin başlıca vəzifəsidir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Bir neçə gün əvvəl Bakı-Qroznı reysi ilə hərəkət edən sərnişin təyyarəsinin qəzaya uğraması, onlarla insanın həyatını itirməsi də xalqımızı dərindən sarsıtdı. Gözlənildiyi kimi, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev hadisəyə çevik reaksiya verdi. Hadisə haqda məlumat yayılanda Cənab Prezidentin təyyarəsi Moskva səmasında olub və dərhal geri qayıtmaq tapşırığı verilib.
Təyyarədəcə müvafiq qurumlara tapşırıqlar verildi, təyyarə enəndən sonra dərhal hava limanında operativ müşavirə keçirildi, dövlət komissiyası yaradıldı, dövlət qurumlarından ibarət heyət hadisə yerinə göndərildi, ölkədə bir günlük matəm elan olundu.
Bu qəza eyni zamanda xalqımızın birliyini bir daha göstərdi. Belə ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da bu dəhşətli hadisə ilə bağlı vahid mövqe, birlik nümayiş etdirərək birgə bəyanat yaydılar. 24 siyasi partiya belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan etdi. Bir sözlə, ölkənin bütün təbəqəsi bu acını birlikdə yaşadı. Bu isə milli və siyasi həmrəylik mühitinin növbəti təzahürüdür.
Nigar Məmmədova,
Milli Məclisin deputatı