Avropa Parlamenti bir neçə gün öncə ölkəmizə qarşı növbəti qərəzli qətnamə qəbul etdi. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilib, reallıqlar təhrif olunub, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilib. Qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur. Qərbi Azərbaycan İcmasının Avropa Parlamentinin növbəti qətnaməsi əleyhinə yaydığı bəyanatında deyilib ki, Avropa Parlamenti bu gün qəbul etdiyi qətnamə ilə bir daha Azərbaycana qarşı bitib-tükənməyən nifrətini nümayiş etdirdi. Bəyanatda, həmçinin bildirilib ki, bu, həmin Avropa Parlamentidir ki, biz Qərbi azərbaycanlılar Ermənistan tərəfindən öz dədə-baba yurdlarımızdan deportasiya edilərkən nəinki bunu pisləyib, əksinə, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistana birləşdirilməsinə çağırıb: "Budəfəki qətnamədə hərbi canilərə, Xocalı, Qaradağlı, Ağdaban qatillərinə simpatiya ifadə etməsi ilə Avropa Parlamenti zaman dəyişsə də, xislətinin dəyişmədiyini göstərmiş oldu".
Daha sonra Avropa Parlamentinin üzvü Natali Luazo “Armenpress”in müxbiri ilə söhbətində bildirib ki, "Qərbi Azərbaycan" və ya "dəhliz" rəvayətlərinin (?) sülh danışıqlarında yeri olmamalıdır. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlarda “Qərbi Azərbaycan” və ya “dəhliz” məsələləri kənara qoyulmalıdır. Ermənipərəst mövqeyi ilə çoxdan tanıdığımız Avroparlamentin deputatı daha sonra ərz edib ki, heç bir ilkin şərt irəli sürülmədən, Ermənistanın suverenliyinə hörmət edən sülh sazişinin müsbət nəticəsi ola bilər. Deputat bildirib ki, Ermənistan və Azərbaycan arasında sabit sülh hər iki ölkənin mənafeyinə uyğun olmalıdır: “Ermənistan və Azərbaycan arasında davamlı sülh hər iki ölkənin ümumi məqsədi olmalıdır. İndiyə qədər Ermənistan xoşməramlılığını və güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan buna dərhal adekvat şəkildə cavab verməlidir”. Bundan başqa, deputat Bakıda həbsdə olan hərbi canilərdən də danışıb, onları “hərbi əsir” adlandırıb. Onun necə deməsindən və düşünməsindən asılı olmayaraq, Bakıda həbsdə olanlar müharibə caniləridir və əllləri Azərbaycan xalqının qanına batmış cinayətkarlardır, onların “hərbi əsir” kimi qələmə verilməsi absurddur.
Qərbi Azərbaycan faktına “qondarma” adı qoymağa çalışan Avroparlamentin deputatı unudur ki, Qərbi Azərbaycan bir reallıqdır, böyük və qədim bir xalqın tarixi ərazisidir, zorla deportasiya olunan Azərbaycan türklərinin doğma yurdudur. Hələ 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur. İlk dövrlərdə bunun Avropa parlamentarilərinin məlumatsızlığı və Ermənistan yönümlü lobbi qurumlarının fəaliyyəti ilə bağlı olduğu güman edilsə də, sonradan məlum oldu ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir.
Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda onun tutduğu mövqe Ermənistanın mövqeyində də radikal olmuşdur. Təəssüf ki, Avropa Parlamenti 2024-cü il ərzində də qəbul etdiyi qətnamələrlə öz zərərli ənənəsini davam etdirmişdir. Ermənistanın yoxlanılmış və yoxlanmamış bütün iddialarının hər birinə gen-bol yer verən qətnamə müəlliflərinin yaxın keçmişdə azərbaycanlıların sayca üstünlük təşkil etdiyi indiki Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması, orada Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susmaları açıq-aşkar qərəzdir. Azərbaycan və Ermənistan arasında baş vermiş münaqişənin əsas səbəbinin Ermənistanın ksenofobik və ərazi ekspansiyası siyasəti olduğu, Ermənistanın öz ərazisindən bütün azərbaycanlıları qovması olduğu halda, qətnamələrdə ilkin səbəb barədə uydurma iddialar səsləndirilir. Azərbaycan ərazisində yaşamaqda olan ermənilər üçün beynəlxalq sülhməramlı əməliyyat, beynəlxalq qarantiya mexanizmləri tələb edilən qətnamələrdə, nədənsə eyni tələb Ermənistana qayıtmalı olan azərbaycanlı qaçqınlar üçün irəli sürülmür. Qətnamələrdə Ermənistanın öz ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməyə guya hazır olması kimi ağ yalan əks etdirilmişdir.
Ermənistana aid qətnamələrin “İnsan hüquqlarına və fundamental azadlıqlarına hörmət” adlı hissəsində bu ölkənin qanuni sakinləri olan və etnik ayrı-seçkilik əsasında qovulmuş azərbaycanlıların hüquqları barədə bir kəlmə də olsun qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana münasibətdə belə yanaşma onun apardığı ayrı-seçkiliyə açıq-aşkar dəstək deməkdir. Qətnamələrdə eynilə Ermənistan hökuməti kimi, Qərbi Azərbaycan termini ilə bağlı irad bildirilir. Avropa Parlamenti bilməli və unutmamalıdır ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95 faizindən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur. Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir.
Sevinc Azadi, “İki sahil”