26 dekabr 2024 21:41
148

Bu faciədən siyasi alət kimi istifadə etmək qəbuledilməzdir - Deputat

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və 38 nəfərin həlak olması xəbəri hər birimizi sarsıtdı.  Yeni il ərəfəsində baş verən bu faciə bütün ölkəmizi yasa bürüdü, respublikamızda matəm elan olundu. Matəm təkcə ölkə ərazisində deyil, xarici ölkələrdəki səfirliklərdə də qeyd olundu.  Faciəvi hadisə ilə bağlı dövlətimiz üzərinə düşən bütün vəzifələri yerinə yetirməkdədir.  Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyev  baş vermiş təyyarə qəzası haqqında məlumat alan kimi səfəri yarımçıq qoyub dərhal geri dönmək qərarını verdi. O, hələ təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verdi.    Cənab Prezidentin baş vermis qəzaya, faciəyə son dərəcə həssas, operativ yanaşması onun hər bir vətəndaşa doğma münasibətini ifadə edir”.

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsi qəzalardan, xüsusilə də, təyyarə qəzasından sığortalanmayıb: “Biz baş vermiş hadisəni faciə kimi qəbul etməli, həlak olanların yaxınlarının dərdinə şərik olmalı, yaralılara dəstək göstərməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur.  Üzərimizə düşən məsuliyyəti dərk etməli, borcumuzu yerinə yetirməliyik. Bu faciədən siyasi məqsədlər üçün istifadə etmək, yumşaq desək, etik deyil. Xüsusilə də, iqtidara qarşı kin-küdurətlə dolub-daşan radikal kəsimin özlərini az qala aviasiya üzrə mütəxəssis kimi aparmaları, hadisəni öz bildikləri kimi şərh və təqdim etmələri, sadəcə ikrah doğurur.  “Quru yollar açıq olsaydı, bu faciə baş verməzdi”, “təyyarə niyə dənizə yox, quruya endi” kimi bəsit arqumentlərlə özlərini ağıllı göstərmək istəyən, gündəmi məşğul etməyə çalışan qüvvələr  ictimai fikri çaşdırmaqla məşğuldurlar.  İstənilən bir faciədən opponentə qarşı silah kimi istifadə etmək yolverilməzdir. Bunu edənlər, əslində öz aciz, zəif olduqlarını, natamamlıq kompleksindən əziyyət çəkdiklərini göstərirlər.  Qəza ilə bağlı yayılan görüntülərdən də, aydın olur ki, pilotlarımız son dərəcə peşəkar və cəsarətli olublar. Onlar faciənin baş verməməsi üçün bütün imkanlardan istifadə ediblər, son ana qədər sərnişinləri qoruyublar. Təəssüf ki, qəzalı təyyarəni idarə etmək, tam təhlükəsiz qaydada yerə endirmək mümük olmadı.  Bütün hallarda ekipaj üzvlərinin cəsarəti yüksək qiymətləndirilməlidir və onlara böyük minnətdarlıq düşür”.

M.Vəliyeva onu da bildirdi ki, qəzadan dərhal sonra cənab Prezidentin tapşırığına uyğun olaraq Dövlət Komissiyası yaradıldı, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edildi: “Zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup Aktau şəhərinə göndərildi. Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri tərəfindən təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyalar  birgə tədqiqatlar aparırlar.  Odur ki, qəzanın səbəbləri barədə danışmağa tələsməməliyik, araşdırmaların nəticələrini gözləməliyik. Dövlət Komissiyası tədqiqatın nəticələri barədə, onsuz da, ictimaiyyəti məlumatlandıracaq. Sosial şəbəkədə məsuliyyətsiz şəkildə ifadə olunan hər bir fikrə, “arqumentə” inanmamalıyıq. Ən əsası baş verən faciədən siyasi qazanc güdən, ondan rəqibinə qarşı rıçaq kimi istifadə edənləri öz yerlərində oturtmalıyıq. Həmin  şəxslər, yaxşı olar ki, həmrəylik nümayiş etdirsinlər, insanların yanında olmağa çalışsınlar. Bir daha faciəvi qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Uca Tanrı bir daha dövlətimizə, xalqımıza belə bir faciə yaşatmasın!”