26 dekabr 2024 17:17
243

Azərbaycan millətinin həmrəyliyinin təntənəsi

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm və sağlam təməllər üzərində formalaşdırılmış Azərbaycan dövlətçiliyi öz sürətli inkişaf mərhələsini yaşamaqdadır. Vətən tariximizdə XX əsrin sonu sarsıntılı hadisələrin ardıcıllığı ilə yaddaşlarımızda qaldı. Erməni təcavüzü nəticəsində torpaqlarının 20%-ni itirən, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab prezident  İlham Əliyevin ətrafında qətiyyətlə və sıx birləşərək Dəmir Yumruğa çevrildi. Bu “Dəmir Yumruq” 44 günlük Vətən müharibəsində mənfur düşmənin başını əzərək, onu Azərbaycan torpaqlarından çəkilməyə və təslim olmağa məcbur etdi. Bu tarixi Zəfər xalq – iqtidar birliyinin, Azərbaycan millətinin həmrəyliyinin təntənəsi idi.

Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz millətimizin birliyini, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümunəsi göstərdi.Bu vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.

 Hərbi əməliyyatların davam etdiyi həmin günlərdə hər bir vətəndaşımız qələbəmizə kiçik də olsa bir töhvə vermək üçün əlindən gələni etdi. Nəhayət bu müqəddəs savaşda qazandığımız parlaq Zəfər bütün dünyada yaşayan soydaşlarımız tərəfindən böyük coşğu ilə qarşılandı. Bu coşğu və sevinc hissləri dünya azərbaycanlılarının həmrəyliyinin təcəssümü idi. Bir daha vurğulamaq yerinə düşür ki, İkinci Qarabağ müharibəsi zamanı cəmiyyətdəki mövqeyindən, siyasi əqidəsindən, statusundan, tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yüksək səviyyədə milli həmrəylik nümayiş etdirdi.

Xalqımızın son illərdə əldə etdiyi uğurlar, nailiyyətlər milli təəssübkeşliyin və milli həmrəyliyin nəticəsidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq bu qələbəni tariximizə qızıl hərflərlə yazdıq. Bununla bərabər qarşımızda mühüm tarixi vəzifələr dayanır. Məhz sarsılmaz həmrəyliyimiz sayəsində bütün tarixi vəzifələri icra edəcəyik.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi