26 dekabr 2024 12:13
107

Xəyanətin axırı yoxdur

Qardaş Türkiyə ilə münasibətlərin gündən-günə yaxşılaşdırılması, hərbi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, milli təhlükəsizliyimizin təmin olunması  baxımından böyük əhəmiyyətə malik olan Şuşa bəyannaməsinin imzalanması dost, qardaş dövlətin ölkəmizdə hərbi baza yaratması anlamını doğurmamalıdır. Və ya Rusiya ilə əlaqələrin yenidən qurulması, sağlam məcraya salınması, milli maraqların qorunmasına və inkişaf etdirilməsinə istiqamətləndirilməsi, iqtisadi, mədəni, ticarət, turizm sahələrində tədbirlərin həyata keçirilməsi rusiyayönümlü siyasət yürütmək deyil, əksinə dövlətin və xalqların xoşbəxtliyinə, normal həyatına göstərilən təşəbbüslər, səylərdir. 

Münasibətlərə anti-milli mövqeydən yanaşan AXCP və Milli Şuranın “başbilənləri” əlbəttə öz qənaətlərində yanılırlar və Qərbdəki ağalarının tapşırıqlarına  əməli fəaliyyətlə cavab vermək üçün yalan, şantaj, manipulyasiya kompaniyasını davam etdirməkdədirlər. Əli kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı kimilər başa düşmürlər ki, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmadan, əlaqələri möhkəmləndirmədən heç bir uğur, nəticə qazanmaq olmaz. Onlar Azərbaycan Prezidentinin fəaliyyəti, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə ilə bağlı yalan, şantaj dolu xəbərlər yaymaqla, məkrli, reallığa uyğun olmayan fikirlər söyləməklə ictimaiyyəti aldatmağa, münasibətlərə xələl gətirməyə çalışırlar. Axı AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etdiyi vaxtlarda qonşu dövlətlərlə münasibətlərin korlanmasının hansı nəticələr doğurduğunu yaxşı bilir. Cəbhəçilər İranı, Rusiyanı, Gürcüstanı, hətta Çini, Hindistanı düşmən bildilər, bu dövlətlərdə bayraqlarını ucaldacaqlarını elan etdilər, beş qəpiklik iş görməyi bacarmadıqları halda dünyaya meydan oxudular və nəticədə özlərinə çoxlu düşmən qazanıb, torpaqlarımızı itirdilər, beynəlxalq aləmdən təcrid olundular. Bu dərsdən görünür AXCP və "Milli Şura" lazimi nəticə şixarmayıblar və etdiklərini, xalqımızın başına müsibətlər gətirdiklərini unudublar. Çox heyf. Azərbaycan Prezidenti dəfələrlə bildirmişdir ki, “Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir”. 

Azərbaycanı Qərbdən, Avropadan, Fransa kimi dövlətlərdən uzaqlaşmaqda ittiham edənlərə və yalan məlumatlarla münasibətləri daha da kəskinləşdirməyə çalışanlara, dövlətimizə düşmən kəsilən ölkələrə sığınanlara və arxalananlara sual vermək istəyirəm: 30 il torpaqları işğal altında qalan, milyonlarla insanı əzab-əziyyətlər içərisində yaşayan Azərbaycan ona yardım əlini uzatmayan, haqqını dilə gətirməyən, ədalətli mübarizəsinə kölgə salan, düşmən Ermənistanı müdafiə edən, silahlandıran Qərblə, Avropa ittifaqı və Fransa ilə necə dost ola bilər? Dünən olduğu kimi bu gün də biz bu çirkin münasibətləri, dövlətimizə qarşı düşmən mövqeyi görürük. Belə olan halda düşmənə arxa çevirmək, etibar etmək olarmı?

Axı bu ölkələr, təşkilatlar uğursuz Minsk Qrupunun həmsədrləri kimi, demokratiyadan, insan haqlarından, beynəlxalq normalardan gen-bol danışan təsisatlar kimi haqqı-ədaləti qarşılarına qoyub insanların, dağılan, viran edilən şəhər və kəndlərin taleyinə acımalı idilər, təcavüzkara çəkil, qətllərdən, terrorlardan əl çək deməliydilər. Bunu o vaxtda demədilər, indidə demirlər. Əksinə qatilə silah verirlər, onu müharibəyə hazırlayırlar, dövlətimizə qarşı sanksiya tədbiq edirlər, qətnamələr tirajlayırlar, böhtan kompaniyasını genişləndirirlər. Belə olan halda münasibətləri necə yaxşılaşdırmaq olar? Bu mümkün deyil. Deyildiyi kimi Azərbaycanın heç kimin qarşısında heç bir öhdəliyi yoxdur və heç kimin qabağında baş əyməyəcək. Öhdəliyi olanlar, başqalarının qarşısında baş əyənlər isə AXCP-nin və "Milli Şura"nın funksionerləridir ki, onlar Azərbaycan həqiqətlərini danır, düşmənlərimizə, beynəlxalq qurumlara saxta məlumatlar ötürür, insanları çaşdırmağa, ölkədə qarşıdurma yaratmağa çalışırlar. Azərbaycan ona dost, qardaş münasibət göstərən ölkələrlə münasibətləri  möhkəmləndirməkdə israrlıdır və bu indiki çətin şəraitdə, dünyanın qütbləşdiyi bir dövrdə ən düzgün yoldur. O insan kordur ki, Ukraynada, Suriyada, Fələstində və dünyanın bir çox ölkələrində baş verən hadisələri görmək və bu münaqişələrin kimlər tərəfindən törədildiyini görmür , nəyə xidmət etdiyini dərk etmir. Azərbaycan dövləti və xalqı ayıqdır. Bunları görür və dostu ilə düşmənini yaxşı seçir. Radikal müxalifət isə bu qabiliyyətdə, bu düşüncədə, dünyagörüşündə deyil. Çünki onlar xalqın taleyi barədə yox, aldıqları qrantlar, götürdükləri öhdəliklər barədə düşünür, daha yaxşı ağalar tapmaq, pul əldə etmək çağırışında, amalındadırlar. Bu yol xəyanət yoludur, axırı yoxdur və heç vaxt ola bilməz.

Tahir Rzayev,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri