26 dekabr 2024 01:57
132

Dinamik və davamlı sosial siyasət: Yeni dövr, növbəti hədəflər

Əhalinin sosial rifahının yaxşılaşdırılması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar və qəbul edilən mühüm qərarlar bu istiqamətdə əldə olunan nailiyyətləri daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamı sosial siyasətin ardıcıl və vətəndaş yönümlü olduğunu bir daha təsdiqləyir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Bu artımlar dövlətin vətəndaşların sosial təminatına xüsusi önəm verdiyini və iqtisadi resursları sosial rifah üçün istifadə etməkdə qətiyyətli olduğunu göstərir.

Yeni sosial islahat paketində müavinət və təqaüdlərin artırılması da yer alıb. Bu, əhalinin geniş təbəqələrinin rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən addımların davamıdır. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılması təmin ediləcək. Bu da həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaşın 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımların baş verməsinə  imkan yaradacaq. Yeni sosial paket çərçivəsində pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur ki, bu da ümumilikdə 3 milyon insana yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artmasını təmin edəcək. Bunun üçün ayrılan 1,4 milyard manatlıq əlavə vəsait dövlətin sosial sahəyə olan diqqət və qayğısını bir daha təsdiqləyir. Bu islahatlar cəmiyyətin sosial təminatını gücləndirməklə yanaşı, ümumi iqtisadi sabitliyə də müsbət təsir göstərəcək.

Dövlət büdcəsində sosialyönümlü xərclərin ardıcıl və ciddi artımı sosial dövlətin əsas prinsiplərindən biri olaraq diqqəti cəlb edir. 2024-cü ildə 15,5 mlrd. olan bu xərclərin 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulması dövlətin sosial sahəyə ayrılan vəsaitləri artırmağa yönəlmiş iradəsini göstərir. Bu rəqəmlər sosial siyasətin ölkə büdcəsinin prioritet istiqamətlərindən birinə çevrildiyini nümayiş etdirir. Sosialyönümlü xərclərin büdcənin 41 faizini təşkil etməsi sosial rifahın artırılmasının dövlətin əsas məqsədi olduğunu bir daha təsdiqləyir. Bu, ölkə əhalisinin sosial təminatına yönəlmiş ciddi dövlət dəstəyinin göstəricisidir.

Əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də bu islahatların vacib tərkib hissəsidir. Bu kateqoriyadan olan şəxslərə əlilliyə görə aylıq pensiya, müavinət, təqaüd ödənilir. 2018-2024-cü illərdə ölkədə minimum pensiyada 2,5 dəfə,  orta aylıq pensiyada 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Həmçinin əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsaitdə 2,1 dəfə və ya 1,3 mlrd. manat artım özünü göstərib. Həmin vəsait 2018-ci ildə 1,2 mlrd. manat təşkil edirdisə, hazırda 2,5 mlrd. manata yaxındır. Bu rəqəmlər əlilliyi olan şəxslərin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin genişləndirildiyini göstərir.  Əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin sayının 4 dəfəyə yaxın artırılması bu sahədə həyata keçirilən infrastruktur və sosial dəstək proqramlarının effektivliyini artırır. 34-dən 130-a qədər artan reabilitasiya vasitələri əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədinə xidmət edir.

Özünüməşğulluq proqramı isə xüsusi əhəmiyyət kəsb edir. Çünki bu proqram işsiz və işaxtaran şəxslərə kiçik biznesə başlamaq və öz işlərini qurmaq imkanı yaradır. Dövlət başçısının tapşırığı ilə həyata keçirilən bu proqram işsizlərin iqtisadi müstəqillik əldə etməsinə dəstək verir və sosial rifahı artırır.  Hazırda 93 min şəxs özünüməşğulluq proqramına cəlb edilərək müxtəlif sahələrdə fəaliyyətə başlayıb. Bu proqramın növbəti mərhələsində isə 100 mindən çox insanın bu imkanlardan faydalanacağı gözlənilir ki, bu da ölkə iqtisadiyyatı üçün müsbət bir göstəricidir. Özünüməşğulluq proqramı yalnız məşğulluğu artırmaqla qalmır, həm də sahibkarlıq fəaliyyətini təşviq edir və iqtisadi müstəqilliyin formalaşmasına yardımçı olur. Bu addımlar iqtisadi yüksəliş və sosial rifahın artırılmasına yönəlmiş davamlı  inkişaf strategiyasının göstəricisidir.

Əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluq proqramları ilə ölkədə iqtisadi müstəqilliyin və sosial rifahın artırılmasına nail olunduğu bir şəraitdə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dəstək bu siyasətin humanist yönünü əks etdirir. Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində onların mənzil və fərdi evlə təminatı işləri də aparılır. Prezident İlham Əliyevin tapşırığı ilə bu proqram, postmüharibə dövründə 5 dəfə genişlənərək daha çox insanı əhatə etməyə başladı.

Bu sosial dəstək tədbirləri dövlətin hər bir vətəndaşın rifahını təmin etmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı sosial islahatların bir hissəsidir. Bu islahatların tərkibində innovativ yanaşmaları ilə seçilən DOST Konsepsiyası isə vətəndaşlara daha şəffaf, çevik və əlçatan xidmətlər təqdim etməklə sosial siyasətin uğurla reallaşdırılmasında mühüm rol oynayır. 2019-cu ildən etibarən fəaliyyətə başlayan DOST Agentliyi və onun mərkəzləri, vətəndaşlara 160 sosial xidmətin bir pəncərə prinsipi ilə şəffaf və operativ təqdim olunmasına imkan yaradıb. DOST Konsepsiyası, həmçinin beynəlxalq aləmdə yüksək qiymətləndirilərək 60-dan çox mükafata layiq görülüb, o cümlədən 12 “Avropa üçün yaxşı təcrübə mükafatı”na sahib olub.

DOST Konsepsiyasının davamı olaraq dövlət sosial xidmətlərinin elektronlaşdırılması da böyük irəliləyişlər əldə edib. Nazirliyin 160 xidmətindən 145-i artıq rəqəmsal platforma üzərindən təqdim edilir, o cümlədən 30-dan çox e-arayış xidməti və 50-dən çox proaktiv təyinat mexanizmi işləyir. Bu yanaşma vətəndaşların daha sürətli və rahat şəkildə xidmətlərə çıxışına imkan yaradır, dövlətin sosial xidmətlərini daha şəffaf və çevik edir.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar, dövlətin vətəndaşlara qarşı məsuliyyətini və onların sosial rifahını təmin etməkdəki qətiyyətini bir daha təsdiqləyir. Bu islahatlar həm iqtisadi müstəqilliyi təşviq edir, həm də cəmiyyətin müxtəlif təbəqələrinə yönələn sosial dəstək tədbirlərini gücləndirərək ölkə əhalisinin həyat səviyyəsini yüksəldir.

Nigar Orucova, “İki sahil”