24 dekabr 2024 16:46
154

Azərbaycanın əldə etdiyi uğurların təməlində güclü lider amili dayanır

Azərbaycan coğrafi baxımdan kiçik ölkə olsa da, nüfuzu, strateji əhəmiyyəti çox böyükdür. Beynəlxalq miqyasda Azərbaycan rəhbərliyinin sözü imzası qədər əhəmiyyətlidir. Azərbaycan Prezidenti bu gün dünyada tanınmış, ən nüfuzlu dövlət xadimlərindən biridir. Bu gün əksər siyasi xadimlər Prezident İlham Əliyevin uğur formulunu nümunə kimi göstərir, Azərbaycan təcrübəsinə istinad edirlər.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. 2024-cü il fevralın 7-də keçirilmiş, tarixə zəfər seçkiləri kimi düşən növbədənkənar prezident seçkilərində də seçicilərin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərdi. Azərbaycan xalqının öz liderinə göstərdiyi inam, vahid amal ətrafında birləşmə bacarığı bütün sınaqlardan üzü ağ çıxmağımıza vəsilə oldu.

“Prezident İlham Əliyev dövlət siyasətinin müasir, mütərəqqi modelini təqdim edir. Bu illər ərzində ölkəmiz sosial-iqtisadi sahədə çoxsaylı nailiyyətlər əldə etməkdədir. Dövlət siyasətinin mərkəzində isə hər zaman vətəndaşın maraqları, sosial rifahı dayanır. Təsadüfi deyil ki, 2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” da ölkəmizdə sosial xidmətlər sistemində yeni inkişaf mərhələsinə keçidi şərtləndirir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində sosial xidmət sistemi ilə bağlı qanunvericilik bazası daha da təkmilləşdirləcək, həssas əhali qruplarına göstərilən xidmətlərin kəmiyyət və keyfiyyəti daha da artacaq.

Gələn ilin dövlət büdcəsinin sosial yönümlü xərcləri isə 16,9 milyard manat təşkil edir. Bu da 2024-cü illə müqayisədə 9 faiz çoxdur. Dövlətimizin başçısının ötən gün imzaladığı yeni Sərəncamı isə əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsini əhatə edir. Belə ki, yeni sosial islahat paketinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 400 manat, əmək pensiyasının minimum məbləğinin 320 manata çatdırılması nəzərdə tutulur. Eyni zamanda, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması da yeni sosial paketə daxildir.

Bu gün Azərbaycan qlobal təşəbbüslərin müəllifi, etibarlı strateji tərəfdaş kimi böyük nüfuz qazanıb. Ölkəmiz dünyada sülhü və konstruktiv əməkdaşlığı təşviq edir, Şərqlə Qərb arasında körpü rolunu oynayır. Təmsil olunduğu bütün beynəlxalq təşkilatların ən fəal üzvü olan Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə kimi qlobal bir prosesə də öz töhfəsini verir. Ötən ay BMT-nin iqlim konfransı olan “COP29”da irəliləyişlər əldə olundu və beləliklə, Bakı COP iqlim diplomatiyasında dönüş nöqtəsi kimi tarixə düşdü”, - deyə N.Məmmədova vurğulayıb.

Deputatın sözlərinə görə, ölkəmizin bu günlərdə “İslam səkkizliyi” adlanan İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8 -ə üzv qəbul edilməsi də Azərbaycanın etibarlı tərəfdaş imicinin əyani göstəricisidir. Belə ki, Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərini bu platformada davam etdirəcək. Bu illərdə Azərbaycan həm də ən güclü ordulardan birinə sahib olan ölkə kimi tanınır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyü və suverenliyimizi bərpa etdi. Bu gün ölkənin hər yerində üçrəngli bayrağımız qürurla dalğalanır.

Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, müdafiə sənayesinin inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetidir. Azərbaycan özünün istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Ən əsas məsələ - işğaldan azad olunmuş ərazilərin bərpasıdır ki, son 4 ildə Qarabağ və Şərqi Zəngəzurda kompleks bərpa-quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlərimiz 30 illik həsrətdən sonra öz doğma el-obasına qayıdır. Beynəlxalq təcrübə, dünya iqtisadiyyatının çağırışları əsasında hazırlanan Böyük Qayıdış strategiyası uğurla icra olunur. Bunun nəticəsidir ki, artıq azad olunmuş ərazilərdə 30 minə yaxın insan yaşayır.

Azərbaycanın əldə etdiyi tarixi Zəfər bütün regiona sülh və davamlı inkişaf imkanı qazandırır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”. Təbii ki, əldə olunan uğurların təməlində, ilk növbədə, güclü lider faktoru dayanır.