Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət çağdaş Azərbaycanın bir dövlət kimi güclənməsinə böyük töhfə vermişdir. Ölkəmizin başçısının siyasi fəaliyyətinin təməlində xalq- iqtidar əsas prinsipdir. Yəni, bu siyasətin ən mühüm ideyası xalqa arxalanmaq və xalqın gücünü milli birliyin əsas dayağına çevirməkdir. Məhz buna görə Prezident İlham Əliyevin ən böyük şüarı “Biz birlikdə güclüyük” olmuşdur Müzəffər Ali Baş Komandanımızın siyasi kursunda xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti, yeni nəslin ictimai-siyasi proseslərdə iştirakını artırmış, onların potensialından səmərəli istifadə olunmasına şərait yaratmışdır. Bu siyasət, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gənclərin formalaşmasını təmin etmişdir. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək nəticəsində Vətən Müharibəsi zamanı Azərbaycan gəncləri həm döyüş meydanında, həm də arxa cəbhədə və informasiya müharibəsində ölkənin aparıcı qüvvəsinə çevrilmişdir.
Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad edilməsi kimi tarixi bir uğura imza atmış, bütün dünyanı heyrətə salan, misli görülməmiş Zəfər qazanmışdır. Bu zəfər, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi strateji siyasətin və güclü dövlət quruculuğunun nəticəsidir. 44 günlük Vətən Müharibəsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi ədaləti bərpa etdiyi, Ermənistanın işğalına son qoyduğu və Qarabağın azad edildiyi möhtəşəm bir zəfər idi. Şübhəsiz ki, bu Zəfərin əsas amilləri cənab Prezidentin illərlə apardığı məqsədyönlü siyasət və ölkənin hərbi potensialının gücləndirilməsi olmuşdur. İlham Əliyev beynəlxalq arenada Azərbaycanın haqq səsini hər zaman qətiyyətlə müdafiə etmiş, Ermənistanın işğalçı siyasətini ifşa etmişdir. Müharibə zamanı onun xarici mediaya verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynamışdır. Prezident İlham Əliyevin prioritetlərindən biri Azərbaycan Ordusunu gücləndirmək olmuşdur. Eyni zamanda, 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən birgünlük lokal antiterror tədğirləri nəticəsində Azərbaycan dövlət suverenliyini tam təmin etdi və regiondakı separatizmi birdəfəlik tarixin zibilliyinə qovuşdurdu.
Dövlətimizin rəhbəri ölkənin enerji siyasətində yalnız neft-qaz sektoruna deyil, həm də bərpa olunan enerji mənbələrinə daim önəm verib. Xüsusilə, Qarabağda və Şərqi Zəngəzurda günəş və külək enerjisi layihələri icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrilmişdir. 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun sübutudur. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edərək bu platformada öz fəal mövqeyini nümayiş etdirmişdir. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq qurumlarla əməkdaşlıq, eləcə də qardaş Türkiyə başda olmaqla dost dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xarici siyasətində prioritet istiqamətlərdən olmuşdur. Azərbaycan 21 il ərzində bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir ki, bu da ölkəmizin qlobal miqyasda rolunu daha da artırmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyət, elm, təhsil və idman sahələrində də əhəmiyyətli uğurlar əldə etmişdir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya Mahnı Müsabiqəsi və bir çox digər beynəlxalq tədbirlər ölkəmizdə uğurla təşkil olunmuşdur. 2013-cü ildə Azərbaycanın ilk süni peykinin orbitə buraxılması isə ölkəmizi kosmos sahəsində də söz sahibi edən tarixi nailiyyətlərdən biridir. 2023-cü il 2-6 oktyabr tarixlərində Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunmuş, 36 ölkədən 150 kosmik qurum və şirkətin stendləri nümayiş edilmişdir.
Bu il Bakıda keçirilmiş COP29 İqlim Konfransı Azərbaycanın qlobal səviyyədə artan rolunun parlaq göstəricisidir. Cənab Prezidentin strateji baxışı və liderlik keyfiyyətləri sayəsində Azərbaycan təkcə enerji sektorunda deyil, həm də ekoloji davamlılıq və yaşıl enerji təşəbbüslərində qlobal əməkdaşlığa öncülük edir. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq tədbirlər üçün etibarlı mərkəz kimi tanınmasının, həmçinin Azərbaycanın qlobal ekoloji gündəlikdə aktiv rolunun təzahürüdür.
Bir sözlə, Azərbaycan Prezidentinin çoxşaxəli fəaliyyəti Azərbaycanın güclənməsinə və xalqın rifahının artmasına yönəlmişdir. Onun rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyə sahib olmaqla yanaşı, qlobal arenada da nüfuzlu aktora çevrilmişdir. Qarabağın azad edilməsi, neft-qaz sahəsində strateji uğurlar, beynəlxalq təşəbbüslər və sosial siyasət Prezident İlham Əliyevin uzaqgörən liderliyinin birbaşa nəticələridir. Yəni, əminliklə demək olar ki, Prezdentimizin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti daha parlaq gələcəyə doğru inmala addımlayacaqdır.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri