23 dekabr 2024 13:37
73

Azərbaycanın son 21 ildə qazandığı uğurların miqyası olduqca genişdir

2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə yeni mərhələnin əsası qoyuldu. 31 oktyabr 2003-cü ildə keçirilən andiçmə mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Heydər Əliyev siyasətini davam etdirəcəyini bir daha bəyan etdi: "Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yüksəlir, uğurlar qazanır. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".   

2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard manatdan 30,7 milyard manatadək artdı. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatdı ki, bu da keçid dövründə yaşayan dövlət üçün çox böyük rəqəmdir. Azərbaycan 2004-2008-ci illər ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yeri tutdu. 2003-2008-ci illər ərzində sənaye istehsalı 2,7 dəfə artdı.

Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 2003-2008-ci illər ərzində ordu quruculuğu prosesi də çox sürətlə getdi. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi artdı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldü. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatdı.

Eyni zamanda İlham Əliyevin birinci prezidentliyi dövründə Azərbaycanda neft-qaz hasilatı da yüksək nəticələrlə xarakterizə oluna bilər. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton, qaz hasilatı 5,5 milyard kubmetr idisə, 2008-ci ildə anoloji göstəricilər neft istehsalında 50 milyon ton, qaz hasilatında isə 20 milyard kubmetrdən çox oldu.

Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini  ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu  inkişaf kursu sistemli və davamlı  xarakter kəsb edir.

 Azərbaycanın son 21 ildə qazandığı uğurların miqyası olduqca genişdir və onları sadalamaqla bitməz.  Artıq yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərindən bəhs edirik. Ötən il  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcı oldu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi.  Son bir il yeni dövrün yeni reallıqları ilə diqqətdədir. 

Gunel Süleymanli,
98 saylı məktəbin müəllimi