23 dekabr 2024 11:48
117

Şərəflə yerinə yetirilən tarixi missiya

Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə yüksək inam və etimad göstərir. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir.

14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda 07 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkiləri haqqında demişdir: “Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”

Azərbaycanda 07 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkiləri zəfər seçkisidir. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün sahələr davamlı inkişaf etmişdir. Dövlətimizin başçısının hakimiyyətdə olduğu dövrdə ölkədə sosial-iqtisadi sahədə bir çox nailiyyətlər əldə edilmişdir. Belə ki, 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə, xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarınadək artmışdır. Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına, iqtisadiyyata yönəldilən investisiyalar 2,8 milyard ABŞ dollarından 17,1 milyard ABŞ dollara qədər yüksəlmişdir.  2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil etmişdr. 2004-cü ildən bəri regionlarda 1,8 milyarddan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılmışdır. 2002-ci illə müqayisədə vergi daxilolmalarda artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artmışdır. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olmuşdur.

Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sahəyə ciddi sirayət etmişdir və bir çox sosial proqram və layihələrdə real əksini tapmışdır.  Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan vermişdir, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratmışdır. Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində dövlətimizin başçısı adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində cənab Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən cənab Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində Dövlətimizin Başçısı  Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. 2023-cü ildə isə ad günündə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etmiş və təməlini qoymuşdur.

27 sentyabr 2021-ci ildə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətində demişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz  tarixi missiyamızı şərəflə yerinə yetirdik.”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi.

 Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri