21 dekabr 2024 09:58
94

2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən böyük qürur hissi ilə qeyd etdi ki, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!    

«İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.» Cənab İlham Əliyev bu ilin 7 fevral tarixində  müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra  andiçmə mərasimində onu da böyük inamla, qürur hissi ilə bildirdi ki,  2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik.

Qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Son 21 ilin zirvəsindən geri baxdıqda bu fikri böyük əminliklə qeyd edirik ki,  Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində  dünyaya Günəş kimi doğan Azərbaycan bu illər ərzində daha da gücləndi, möhkəmləndi, Qələbəyə doğru inamla addımlayaraq  30 il işğal altında qalan torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi « Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!» çağırışı 1993-cü ildən başlanan Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların və bundan sonrakı dövrün hədəflərinin ümumiləşdirilmiş ifadəsidir. Təbii ki, bir cümlə ifadə olunan bu ümumiləşdirmə özündə  böyük qətiyyəti, siyasi iradəni, birliyimizi, həmrəylimizi, ədalətə və beynəlxalq hüqüqa söykənən siyasəti, müstəqilliyimizin və suverenliyimizin qarantı olan  ordu quruculuğu sahəsində atılan addımları, informasiya cəbhəsində üstünlüyü qorumaq üçün göstərilən səyləri, yalan, qərəzli təbliğata qarşı real faktları,  tarixi həqiqətləri özündə ehtiva edən çağırışları əks etdirir. Məhz bu uğurları  və onların davamlılığını nəzərə alan Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Ümummilli Lider yeni qurduğu Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq daha yüksək zirvələri fəth etməsi üçün bu siyasətin davamını istədi və 2003-cü ildə xalqa tarixi müraciət etdi. Həmin müraciətdə öz mənalı həyatının düz 60 ilini xalqının bu günü və sabahı ilə yaşadığını bildirən Ulu Öndər Heydər Əliyev bunun son on ilinin müstəqil Azərbaycan dövlətinə xidmətdə keçdiyini qeyd etdi: «Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… Öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.»

2003-cü ildən  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yeri və  rolunu möhkəmləndirir.

Hər zaman qeyd etdiyimiz kimi, zaman hadisələrə yüksək dəyər vermək üçün zəngin mənbədir. Eyni zamanda, zamanın hakimliyi, tarixin yaddaşlığı hər bir hadisəni düzgün təhlil etməyə böyük yardımçıdır. Bu baxımdan 21 il zaman baxımından qısa dövr olsa da uğurların  miqyasının genişliyinə görə zəngin dövrdür.  Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi.  Prezident kimi ölkəmizə  rəhbərlik etdiyi 21 ildə  bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  tarixi ədalət bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Dünyanın müxtəlif ölkələrində yaşayan soyddaşlarımızın bir amal –azərbaycançılıq ideyası ətrafında birliyi  dövlət başçısı  İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Tarixi Zəfərimizdən bəhs edərkən daim bu fikri  bildiririk ki, Azərbaycanın milli kimliyi, qüruru özünə qayıtdı. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha dünyaya sübut etdi.  Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarına ev sahibliyi etdi.   İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın özünü qabarıq şəkildə büruzə verdiyi Azərbaycanın  tolerantlığı belə mühüm tədbirləri  həyata keçirməyə geniş imkanlar açır.  Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq ölkə olduğunu sübut edir.  2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi.  Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.

Dövlət başçısı İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın qalibiyyət rəmzi olan  üçrəngli Bayrağımızın bu gün işğaldan azad edilmiş bütün  torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır. Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə  torpaqlarımız separatçılardan təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Qısa müddətdə görülən işlərin nəticəsində bu ilin 28 May-Müstəqillik Günündə xocalılılar doğma yurd-yuvlarına qayıtdılar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva  Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. «Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur» söyləyən dövlətimizin başçısı onu da  bildirdi ki,  Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Yaxın gələcəkdə digər xocalılılar da buraya qayıdacaqlar: «Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.» 

Ümummilli Liderin  müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olundu.  Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrıldı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi.

Müzəffər Ali Baş Komandan çıxışlarında, xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd edir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, Ermənistan  irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum  Bəyanatı imzalamağa məcbur edildi.

Son dörd ildən artıq dövrdə təkrar-təkrar bu reallığı qeyd etməkdən qürur hissi keçiririk-  Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam  bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş bütün  torpaqlarımızda yeni həyat başlayıb. Biz bu torpaqlardayıq və burada əbədi olacağıq. Soydaşlarımızın doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı hər birimizdə böyük qürur hissi yaradır. Bu günədək 5 şəhərə və 4 kəndə qayıdış həyata keçirilib.  2417 ailə, 9306 nəfər həmin ərazilərə  köçürülüb. 

Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə yeni reallıqlara yol açdı. Yeni əməkdaşlıq formatlarının yaradılması günümüzün əsas çağırışları sırasındadır. Bu  öz növbəsində  regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasını, Ermənistanla Azərbaycanın  arasında yeni səhifənin açılmasını bir zərurət kimi qarşıya qoydu. Azərbaycan tarəfi müharibə bitən kimi qarşı tərəfə sülh təklifini etdi. O zamandan 4 ildən artıq vaxt keçməsinə baxmayaraq sülh müqaviləsinin imzalanması prosesi uzanır. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bütün bu məsələlərə diqqəti yönəltdi.

21 ildə qazanılan uğurların zirvəsində bu reallıq dayanır- Azərbaycan dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin Zəfər səhifələri  yazıldı.  Bu səhifələrin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu.  Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində  inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ildə Azərbaycanın ayrı-ayrı sahələrdə, o cümlədən xarici siyasətdə qazandığı uğurlardan geniş bəhs edərək bildirdi ki, bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Postmünaqişə dövrünün reallıqları sırasında Azərbaycanın türk dünyasının birliyinə töhfələrinin artdığını qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyev 2021-ci ildə  Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Dünyaya səs salan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşməsinə şahidlik edən Şuşa Bəyannaməsi növbəti hədəflərin təqdimatı oldu.  Cənab İlham Əliyevin sözügedən andiçmə məraimindəki çıxışında da bu uğurlara işıq salındı. Belə ki, «Bizim ailəmiz türk dünyasıdır» söyləyən cənab İlham Əliyev bildirdi ki, biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Azərbaycan 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi ilə zəngin diplomatik təcrübə qazandı. Bu təcrübə onun qarşıya qoyduğu hədəflərə doğrü inamla irəliləməsini və yüksək nəticələr əldə etməsini şərtləndirir. Ölkəmizin quruma sədrliyi dövrü bütün dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə təsadüf edir. Lakin buna baxmayaraq Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ilə qurumun beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verdi. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Qoşulmama Hərəkatı bizim sədrliyimiz dönəmində yeni müstəviyə qədəm qoyub. Əlbəttə, imkan verə bilmərik ki, müəyyən dərəcədə tənəzzülə uğrasın: «Əminəm ki, bu, olmayacaq. Biz isə öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik.»

Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən bu çağırışı etdi ki, yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə  xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur: «Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.»

Azərbaycan ötən ay dünyanı Bakıya toplayan COP29 tədbirinə ev sahibliyi ilə qarşıya qoyduğu bu hədəflərə nail oldu. Tədbirin nəticələri bir daha ölkəmizin sözünün imzası qədər əhəmiyyətini, beynəlxalq nüfuzunu, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarını təqdim etdi.

Bu reallıqlar onu təsdiqləyir ki,  Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya  cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı  işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın mərhələ-mərhələ qayıdışını təmin etməkdir. Bu hədəfə doğru da inamla addımlayırıq. Qısa müddətdə ölçüyəgəlməz uğurların qazanılması, bu torpaqlarda yeni həyatın başlanması Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü deyir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib.   Prezident İlham Əliyevin uğurlu diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

Şübhəsiz, 21 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Azərbycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi nüfuz qazanıb. Böyük  enerji layihlərinin müəllifi və təşəbbüsçüsü kimi çıxış edən Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycanın  enerji diplomatiyasının davamlı uğurları  qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi potensialda səmərəli istifadəni təmin edən Milli Prioritetlərdən bəhs edirik.

Dövlətinə, xalqına bağlılığını atdığı addımları ilə təsdiqləyən, daim irəli baxmağa çağırışlar edən Liderə xalqın sevgisi böyükdür. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan  milyonların sevgisini qazanıb. Bu fikir beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də qeyd edilir ki, Azərbaycanda aparılan siyasətin alternativi yoxdur. Xalq-Prezdient birliyi sarsılmazdır. Adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə qalib Prezident kimi səfər etməsi, bu məkanlardan dünyaya mesajlarını ünvanlaması hər birimizi qürurlandırır. Bu ilin qürurverici hadisələri sırasında cənab İlham Əliyevin  7 fevral prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri oldu.

Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir, hər bir əlamətdar tarixi, sevincli günü xalqı ilə bölüşməkdən qürur hissi keçirir. Bunun üçün dövlət başçısı İlham Əliyevin doğum günlərində qatıldığı tədbirlərə, görüşlərinə diqqət yetirmək kifayətdir. 2021-ci ildə doğum günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev  Şuşanın  Cıdır düzündən bu fikirləri səsləndirdi: «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.» Dövlət başçısı, eyni zamanda, bu əminliyi də ifadə etdi: «Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.»

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpasının Azərbaycanın qarşısında açdığı imkanlar bu gün qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Artıq yeni dövr başlayıb və uğurla davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qalib, bütövləşən Azərbaycan bundan sonra da möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq, hər birimiz belə güclü, qalib ölkə ilə fəxr edəcəyik. Xalqımız bu ilin 7 fevral tarixində «Qalib xalqın qalib Lideri»nə səs verməklə Azərbaycanın növbəti uğurlarının əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz tarixi ədalətə söykənən daha yeni-yeni zəfərlərimizə şahidlik edəcək.

Yeganə Əliyeva, «İki sahil»