21 dekabr 2024 02:57
208

“Miatsum”un bədbəxtləri...

Vardanyan kabab iyinə gəldi, amma gördü ki, eşşək dağlayırlar

Ölkəmiz öz tarixində maskalanmış xəyanətkarları çox görüb və haqq etdiyi şəkildə yola salıb. Onlardan biri də Bakı həbsxanasında “dincələn” erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandır. Bəzi ölkələrdən azadlığa buraxılması üçün edilən təzyiqləri neytrallaşdıran Azərbaycan rəhbərliyi onun mühakimə olunacağını bildirdi və sözünün arxasında durdu. Həmin dairələr müxtəlif istiqamətlərdən hücuma keçsələr də məqsədlərinə nail ola bilmədilər. Nəhayət, Vardanyan məhkəmə qarşısında durmalı oldu. Təbii ki, Bakıya yağdırılan iftiralar qətiyyətlə rədd edildi və nəticəsiz qaldı. Bununla bərabər, Ermənistandan fərqli olaraq Azərbaycanda təqsirləndirilən separatçılar vəkil xidməti ilə təmin olunublar. O cümlədən də Ruben Vardanyan.

Lakin ermənipərəst dairələr iddia edirlər ki, Ruben Vardanyanın vəkili, ABŞ-dan olan hüquq müdafiəçisi Jared Genserin Azərbaycana girişinə qadağa qoyulması onun müdafiəsini qeyri-mümkün edir və fundamental hüquqlarını pozur. Demək belə, cənablar. Ruben Vardanyanın fundamental hüquqları var. Bəs, Xankəndidən, Şuşadan, Ağdamdan, Laçından, Kəlbəcərdən, Ağdərədən doğma yurd yerlərindən iyirmi səkkiz il müddətində didərgin salınan yüz minlərlə azərbaycanlının fundamental hüquqları yox idimi? Xocalıda vəhşicəsinə öldürülənlərin, dəhşətli  işgəncələrə məruz qoyulanların yaşamaq haqları yox idimi? Bəlkə bunu demək istəyirsiniz? Deyəsiniz, belə tərəfkeşlik nəyə əsaslanır? Şübhəsiz ki, Vardanyanın Xankəndiyə gələrkən Azərbaycan dövlətindən icazə almadığını, səhədimizi özbaşına keçdiyini, qanunlarımızı kobud surətdə pozduğunu yaxşı bilirdiniz.

Erməni milyarder Rusiyadan gəlib qısa müddətdə Qarabağdakı separatçı qurumun oyuncaq “dövlət naziri” olandan sonra Ermənistanda hakimiyyət başına keçmək, beləliklə, Sorosun qurduğu oyuncaq Paşinyan iqtidarını yola salmaq üçün hazırlanmışdı. Doğrudanmı o boyda Amerikanın kəşfiyyat orqanlarının bu plandan xəbəri olmayıb? Yəni, 1,1 milyard dollarlıq varidatı olan Vardanyanın pullarını sanksiyalardan qorumaq üçün qəfildən Rusiya vətəndaşlığından imtina edib Qarabağda “zühur” etməsindən də xəbəriniz yox idi?

Özü də necə “zühur”etdi? Ac köpək kimi dərhal Ağdərədəki qızıl mədəninə qondu, sərvətimizi talamağa başladı. Əlini digər mədənlərin də üzərinə qoydu. Bunlar cinayət deyildisə bəs nə idi?

Xatırladaq ki, o, 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan qanunlarına zidd fəaliyyətlərə başlayıb.  Deyin cənablar, kim icazə almadan ABŞ ərazisinə bu cür daxil ola bilər? Halbuki bu ölkədə hətta yol polisinin “saxla” əmrini dərhal icra etməyən sürücülərə qarşı silah tətbiq olunur. Belə olduqda Azərbaycan ərazisinə qanunsuz daxil olan, üstəlik burada özünü “dövlət naziri” elan edən fırıldaqçıya himayə göstərilməsi ABŞ-ın hüquq müdafiəçisinə yaraşırmı?

Bu günlərdə separatçı rejimin 15 nümayəndəsinin ibtidai istintaqı bitdi və iş Bakı Hərbi Məhkəməsinə göndərildi. Ermənilər və separatizmdən faydalanan dairələr çox narahatdır.  Azərbaycana təzyiqlər işə yaramadı. Heç olmasa, indi Vardanyanla bağlı nəyəsə nail olmaq niyyəti ilə yenidən fəallaşıblar. Təbii ki, bunun səbəbi var: Axı, Azərbaycanın sərvətlərini talamış Ruben Vardanyan onlar üçün pul mənbəyidir. Fond adı ilə köçürülən pulların bir qismi onların cibinə axır.

Kənar təzyiqlərə və iftiralara baxmayaraq ehtimal olunur ki, Vardanyana qarşı yeni ittihamlar elan olunsun. Əgər yeni ittihamlar da sübut olunarsa, Ruben Vardanyanı 30 ilədək həbs cəzası gözləyir. Çünki o, Azərbaycan Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə təqsirləndirilib.

Ermənistanın “Hraparak” nəşri Qarabağda törətdikləri hərbi cinayətlərə görə həbs edilən Ruben Vardanyanın, Araik Arutyunyanın, Arkadi Qukasyanın, Bako Saakyanın və digərlərinin İrəvan rəsmiləri tərəfindən niyə müdafiə olunmadığına dair maraqlı məlumat yayıb. Nəşr hərbi cinayətkar Araik Arutyunyanın Azərbaycan mediasına müsahibə verəcəyini, lakin həmin müsahibənin nədənsə təxirə salındığını xatırladıb: “Müsahibə xəbərindən Ermənistanda kimlərin qorxuya düşdüyü müəmmalı olaraq qalır. Lakin ola bilsin ki, baş nazirin müavini Mher Qriqoryan zəng edib və Bakının nə istədiyini soruşub. Bu isə o deməkdir ki, Ermənistan danışıqlarda Azərbaycana daha bir məsələdə güzəştə gedib.”

Təəccüblüdür: Ermənistanın baş naziri Nikol Paşinyanən öz “təbəələrini” müdafiə etmədiyi halda bu yolda özlərini oda-közə vuran xaricilərin məqsədləri nədir? Onların  bütün cəhdlərinə baxmayaraq Azərbaycan dövləti xalqına qan uddurmuş qəddar qatilləri bağışlamaz. Xalqımız onların layiq olduqları cəzanı almasını gözləyir. Qoy onların qətlə yetirdikləri ataların övladları həsrətlə ata-ana yolunu gözlədikləri kimi, bu qaniçən terrorçuların  da övladları illərlə ata yolunu gözləsinlər. Qoy bu, quldurluq edən digər haylara da dərs olsun. Bu günlər bizim ən qürurlu günlərimizdəndir. İrəvanda, Xankəndidə “Miatsum” deyə bağıranlar şahidi olsunlar ki, qılıncla gələn qılıncla da məhv oldu. Qonaqsan, yerini biləcəksən. Bilməsən bildirərlər...

Vəli İlyasov, “İki sahil”