Dekabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) xalqımızın böyük oğlu, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib, büstünün önünə güllər düzülüb.
Konfederasiyanın sədri Sahib Məmmədov dahi şəxsiyyətin bənzərsiz siyasi fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından danışıb, Ümummilli Liderimizin şah əsəri olan qüdrətli Azərbaycanın vətəndaşı olmağın qürurunu vurğulayıb.
Ulu Öndərin siyasi fəaliyyətinin mərkəzində xalqımızın sosial rifahının yüksəldilməsi, vətəndaş cəmiyyətinin inkişafının dayandığını diqqətə çatdıran Konfederasiya sədri Heydər Əliyevin həmkarlar ittifaqlarına diqqət və qayğısından söz açıb, məhz Ümummilli Liderimizin təşəbbüsü ilə qəbul olunan “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycanı daha güclü ölkəyə çevirməyə nail olub. Müzəffər Ali Baş Komandanın gərgin əməyi və qətiyyəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub, xalqımız dünyada mübariz, rəşadətli xalq kimi tanınıb.
Diqqətə çatdırılıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Ulu Öndərin siyasətini uğurla reallaşdırır. Bu irsi ləyaqətlə yaşadan Heydər Əliyev Fondu hazırda ən nüfuzlu mərhəmət ünvanıdır.
Sonda Sahib Məmmədov fəaliyyətini yeni çağırışlar, müasir inkişaf reallıqları əsasında yenidən quran Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ulu Öndərin tövsiyələrinə uyğun olaraq, ölkəmizin tərəqqisinə bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.