Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın şəhər, Zabux və Sus kənd tam orta məktəblərinin pedaqoji heyəti, Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, Ulu Öndər təkcə Azərbaycanın tarixində deyil, bütövlükdə dünya siyasət səhnəsində dərin iz buraxmış liderdir. Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Ulu Öndərin irsi və ideyaları bizim üçün bir mayakdır. Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, xalqımızı vahid məqsəd ətrafında birləşdirib və onun rəhbərliyi altında Azərbaycan Qarabağın işğaldan azad edilməsi kimi tarixi Zəfəri gerçəkləşdirib.
Daha sonra çıxış edən müəllim Kifayət Sadıqova qeyd edib ki, Heydər Əliyev təkcə müstəqil Azərbaycanın qurucusu deyil, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinə önəm verən, onu gələcək nəsillərə ötürən böyük lider idi. Onun rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və mədəni sahələrdə misilsiz uğurlara imza atıb və ölkəmizdə təhsil infrastrukturu gücləndirilib, elm və mədəniyyət sahələri yeni yüksəliş mərhələsinə daxil olub.
Rayon ziyalısı Qəzənfər Hüseynov isə çıxışında bildirib ki, Ümummilli Lider Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad olunacaq. Onun xalqımız qarşısındakı misilsiz xidmətləri hər bir sahədə öz əksini tapıb.
Çıxışlardan sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.
Sonda “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş olunub.