10 dekabr 2024 14:59
398

Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfrans keçirilib - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə keçid” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, Konfransda SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva, Elm və Təhsil nazirinin müavini cənab İdris İsayev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini cənab Vüqar Kərimov, Energetika nazirinin müavini cənab Orxan Zeynalov, “SOCAR Green” şirkətinin baş direktoru cənab Elmir Musayev və bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti cənab Bəxtiyar Aslanbəyli iştirak və çıxış ediblər.

Tədbiri açan rektor Elmar Qasımov konfransın əhəmiyyətini vurğulayıb və əsas məqsədin davamlı gələcəyin iqtisadi, ekoloji və texnoloji məsələlərinin tədqiqini təşviq etmək, yeni perspektivləri auditoriya ilə bölüşmək olduğunu bildirib.

Qeyd olunub ki, Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilib.

“Bərpa olunan enerji”, “Yaşıl iqtisadiyyat”, “Yaşıl kimya” və “Ekoloji təmiz texnologiyalar” mövzularında ümumilikdə 275 tezis təqdim edilib, bunlardan 161-i qəbul olunub. Qəbul olunma nisbəti 59% təşkil edir. 17 müxtəlif xarici ölkədən, ümumiyyətlə 20 tezis daxil olub.

Bununla yanaşı, ekoloji problemlərin həlli və gənclərin bu sahədəki fəallığının artırılması məqsədilə BANM-da Gənclərin Ekoloji Sinerji Mərkəzi (YES! Center - Youth Ecological Synergy Center) təsis edildiyini diqqətə çatdırıb.

Daha sonra COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib.