06 dekabr 2024 11:57
558

Bakıda Fransa və Niderland neokolonializmi haqqında beynəlxalq konfrans keçirilib - YENİLƏNİB

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda millət vəkilləri, ictimaiyyət nümayəndələri və sözüngedən adanın təmsilçiləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, rəhbərlik etdiyi təşkilat müstəmləkəçilik əleyhinə mübarizənin beynəlxalq hüquq çərçivəsində aparılmasının tərəfdarıdır.

O eyni zamanda Bakı Təşəbbüs Qrupunun müstəmləkə şəraitində yaşayan xalqlara dəstək istiqamətindəki fəaliyyətindən danışıb: "İndiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq plarformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".

Sen Martin adasının Parlament üzvü Franklin Meyers müstəmləkədən xilasın bu şəraitda yaşayan istənilən xalqın müstəsna hüququ olduğuna diqqət çəkib.

O bu yolda göstərilən dəstəyə görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıq edib: " Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır. Biz Bakı Təşəbbüs Qrupuna bu istiqamətdə göstərdiyi dəstəyə görə təşəkkür edirik".

Sen Martin adasında fəaliyyət göstərən"One Saint Martin" Assosiasiyasının prezidenti Rhonda Arrindell isə deyib ki ada 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalı ilə üzləşib: "15 il ərzində Afrika regionunun Niderlandın müstəmləkəsi altına olan adaları Britaniya tərəfindən azad edildi. 1994-cü ildə Fransa ilə Niderland arasında Sen Martin sərhəddə birgə nəzarətin həyata keçirilməsi barədə razılaşma imzalandı. Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb".

Tədbir panel müzakirə formatında davam etdirilib.

***

Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş beynəlxalq konfrans keçirilir.

“İki sahil” xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi – bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, parlament üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edirlər.