05 dekabr 2024 21:57
207

Azərbaycan və Sloveniya XİN rəhbərləri qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparıblar

Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Sloveniya Respublikasının xarici işlər və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyini qeyd edib. Qarşılıqlı səfərlər və daimi siyasi dialoqun əlaqələrimizin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İqtisadiyyat, ticarət, energetika, xüsusilə də yaşıl enerji sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində mühüm imkanların mövcudluğu diqqətə çatdırılıb.

Qarşı tərəf, həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, sədrliyi, sessiyanın yekunları barədə ətraflı məlumatlandırılıb, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində beynəlxalq səylərə bundan sonra da töhfə verməkdə davam edəcəyi qeyd olunub, bu istiqamətdə əməkdaşlığa hazır olduğumuz bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma gündəliyində son durum barədə məlumatlandırıb.

Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.