Son illər dünya miqyasında enerji istehsalında və istifadəsində böyük dəyişikliklər baş verir. Bir çox ölkələr zərərli mədən yanacaqlarından imtina edərək yaşıl enerjiyə keçidi prioritet halına gətirir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit və İnkişaf üzrə Konfransında 154 dövlətin imzaladığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni beynəlxalq müstəvidə tənzimləyən ilk müqavilədir. Bu konvensiyanın məqsədi atmosferə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinin təsirlərini minimuma endirməkdir. Hər il keçirilən BMT İqlim Dəyişmələri Konfransları, iqlim dəyişmələri ilə mübarizənin gedişatını qiymətləndirmək, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək və yeni addımlar atmaq məqsədini daşıyır.
1997-ci ildə qəbul edilmiş Kioto Protokolu atmosferə istixana qazları tullantılarının məhdudlaşdırılmasına dair öhdəlikləri inkişaf etmiş ölkələrə təqdim edərək qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm bir addım olub. 2015-ci ildə isə Paris Sazişi qəbul edilib və 195 ölkə bu Sazişə qoşularaq iqlim dəyişmələri ilə mübarizədə qlobal həmrəyliyin artmasına töhfə verib. Paris Sazişinin məqsədi planetin temperaturunun 2°C-dən yuxarı qalxmasının qarşısını almaq və mümkün qədər 1.5°C ilə məhdudlaşdırmaqdır. Bu məqsədin yerinə yetirilməsi hər bir ölkənin öz iqlim siyasətini təkmilləşdirməsini və yaşıl enerji layihələrini dəstəkləməsini tələb edir.
2021-ci ildə Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasında, (COP26) Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyəsinə qədər 40 faiz azaldacağını elan edərək iqlim dəyişikliyi ilə mübarizədə öz aktivliyini nümayiş etdirdi. Bu addım Azərbaycanın qlobal iqlim siyasətində iştirakını gücləndirdi və yaşıl enerji sahəsindəki investisiyalarla bağlı cəlbedici ölkələrdən birinə çevirdi.
Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki fəallığına görə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi qərara alındı. Bu, Azərbaycanın iqlim diplomatiyasındakı uğurlarını və beynəlxalq müstəvidəki mühüm rolunu bir daha göstərdi. Bakıda keçirilən COP29 çərçivəsində Paris Sazişinin 6.2, 6.4 və 6.8 maddələrinin razılaşdırılması ilə karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyətə başlaması müsbət nəticə oldu. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar iqlim maliyyəsi yönəltmək məqsədini daşıyan Bakı Maliyyə Məqsədi də qəbul edildi. Bu qərar iqlim maliyyəsi sahəsində mühüm bir irəliləyişi təmsil edir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
COP29-da əldə olunan digər mühüm nailiyyətlərdən biri iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə dəstəyini nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən fəaliyyətə başlaması gözlənilir. Bundan əlavə Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olundu. Bu qərar iqlim dəyişmələri ilə mübarizədə gender bərabərliyinin təşviqinə yönəlmiş mühüm bir addım oldu.
BMT-nin Baş katibi Antonio Quterreş və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un nəticələrini yüksək qiymətləndirərək Azərbaycanın bu sahədəki liderliyini vurğuladılar. 80-dən çox ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi COP29 iqlim dəyişmələri ilə mübarizədə yeni bir dövrün başlanğıcına işarə etdi.
Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsi ilə tanınan Azərbaycan COP29-u da müvəffəqiyyətlə başa çatdıraraq qlobal iqlim siyasətindəki rolunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasındakı dönüş nöqtəsidir və Bakıda keçirilən bu tədbir tarixə ən möhtəşəm COP-lardan biri kimi düşdü.
Nəticə olaraq Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi olaraq qiymətləndirilir. Azərbaycan bu mübarizədə dünya liderləri ilə bir araya gələrək sağlam və sülh şəraitində bir planet qurmaq naminə böyük addımlar atmağa davam edir.
Nigar Orucova, “İki sahil”