Ermənistanda parlament seçkilərinə sayılı günlər qalır. Bir mövqedə Paşinyan və komandası, digər tərəfdə Koçaryanın, Karapetyanın Sarukyanın qaragüruhçuları qarşı-qarşıya gələcəklər. Bu vəziyyət rus yazıçısı Anton Çexovun ördək, balıq və xərçəng təmsilini xatırladır. Çünki üzdə guya Paşinyana qarşı birləşmiş partiyalar əslində özəl iddialarını gerçəkləşdirmək yolunu tutublar. Beləliklə, görünən odur ki, əks qüvvələr bir-birini sıradan çıxarmaq üçün var gücləri ilə mübarizə aparacaqlar.
Başa çatmaqda olan təbliğat kampaniyası cəmiyyətdə daha çox hakimiyyətin, yoxsa Moskvaya bağlı revanşist müxalifətin mövqeyini gücləndirib? Paşinyanın partiyası qalib olarsa, bir həftə sonra Rusiya bu ölkəyə satdığı təbii qazı bahalaşdıra, iqtisadi sanksiyalar tətbiq edə bilərmi? Maraqlıdır ki, seçkilərə bir həftə qalmış “Europe Elects” nüfuzlu siyasi analitika platformasının keçirdiyi sorğunun nəticəsinə görə, xalq arasında Nikol Paşinyanın reytinqi 65 faizə qalxıb. Bu, fevral ayından bəri 41 faiz artım deməkdir. Sorğu nəticəsində məlum olub ki, Paşinyanın əsas rəqibləri heç 12 faizi də keçə bilməyəcəklər. Nüfuzunu itirmiş müxalif qüvvələrin Türkiyə və Azərbaycanla düşmənçilikləri davam etdirmək niyyətləri isə onların səs faizinə ciddi təsir etməkdədir. Bunu reytinq cədvəli açıq göstərir. İrəvanda qlobal güclərin görünməyən mübarizəsini, bir-birinə əzələ nümayiş etdirməsini anlamaq da çətin deyil. Təbii ki, güclü dövlətlərin Ermənistandakı hərbi-siyasi qüvvələri orada boşuna durmağa gəlməyiblər. Həmin güclər seçkilərə təsir edərək öz adamlarını hakimiyyətə gətirmək üçün var qüvvələrini sərf edəcəklər.
Bu baxımdan İrəvan küçələrində vətəndaş qarşıdurmaları da istisna edilmir. Amma Ermənistan hüquq-mühafizə orqanları bu hadisələrə hazırlaşmamış deyil. Rusiyanın təsiri altında olan qüvvələrin xalqı meydanlara çıxarmağa çalışacağını güman olunur. Sadəcə, etirazlar mövqeyi daha güclü olan Paşinyan hakimiyyətinin məğlubiyyətinə səbəb ola bilməz. Çünki parlament seçkiləridir və müxalifət də çətinliklə qazandığı mandata sahib çıxmalı olacaq. Zənn edilir ki, burada əsas məsələ daha çox Rusiya ilə Ermənistan hökuməti arasında yaranan ziddiyyətlərin həll olunmasıdır. Əgər Paşinyan Rusiyanın maraqlarını ciddi şəkildə nəzərə alacaqsa və müəyyən güzəştlərə gedəcəksə Kreml təhdid və şantaja hədd qoya bilər. Sonrası sonranın işidir-görünür, Paşinyan belə düşünür.
Müxalifət vahid şəkildə seçkiyə getmədiyinə görə ayrılıqda nə Samvel Karapetyanın partiyası, nə də Robert Koçaryanın bloku qalib gələ bilməyəcək. Koçaryan seçkiqabağı çıxışlarında Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə daxil edilməsini, onsuz müdafiə oluna bilməyəcəklərini söyləyir. İkinci Qarabağ müharibəsində Ermənistanın biabırçı məğlubiyyətində rəsmi Moskvanı günahlandıran on minlərlə erməni Koçaryanın həmin fikirlərini qətiyyətlə rədd edir. Bu vəziyyət iqtidar partiyasının qələbəsinə münbit şərait yaradır. Amma siyasi ekspertlər Nikol Paşinyanın partiyasının təkbaşına hökumət qurmamaq planının olduğunu da proqnozlaşdırırlar.
Onların qənaətlərinə görə, iqtidara yaxın bir partiya ilə koalisiya mümkündür və bu, Paşinyan üçün sərfəlidir. Lakin müxalifət vahid güc kimi meydana çıxsaydı, daha çətin olardı. Ancaq iddialı partiyalar bir neçə olduğundan birlik pozulur və hamısının qələbə şansları aşağı düşür. Ona görə də favorit hazırkı iqtidar partiyasıdır. Rusiya isə Ermənistan hakimiyyətini sonadək sıxışdırır ki, onu ram etsin. Yəni qazın qiyməti ilə şantaj etməkdən tutmuş, iqtisadi qadağalara, Vyaçeslav Volodinin təhqirlərinə, Vladimir Putinin Ermənistanı Ukrayna ilə müqayisə etməsinə qədər təzyiq kampaniyasının arxasında məqsəd Paşinyanı Avropaya inteqrasiyadan çəkindirməkdir.
Məlumdur ki, Avropanın göndərdiyi müşahidə missiyası xeyli vaxtdır ki, Ermənistanın strateji nöqtələrində yerləşdiriliblər. Çox güman ki, Nikol Paşinyan hələlik Rusiyaya qarşı açıq demarş etmək istəməz. Başa düşür ki, belə həssas dövrdə başqa cür etsə ondan ziyan çəkə bilər. Yəni, o, başqalarına ən əhəmiyyətsiz və ya xırda görünən məsələlərin həllinə hesablanmış dəqiq mikroskopik seçki kampaniyası aparır. Hiss olunur ki, iqtidar partiyasına Qərbdən güclü dəstək verilir. Bu isə onun seçkilərdə qələbəsinə əlverişli stimul yaradır. Hər halda bir neçə gündən sonra kimin yüksək kürsü qazanacağı, kimin isə cəmiyyətdə olan-qalan nüfuzunu da itirəcəyi məlum olacaq. Bu günlərdə Avropa İttifaqından və digər beynəlxalq təşkilatlardan Ermənistana dəstəyin davam etdiriəcəyi bildirilib. Bütün bunların hamısı Nikol Paşinyanı iyunun 7-də keçiriləcək parlament seçkilərinin favoritinə çevirir.
Vəli İlyasov, “İki sahil”