27 noyabr 2024 23:15
83

Bu dərmanlardan kortəbii istifadə yeni xəstəliklər yarada bilər

Payız və qış aylarında havanın temperaturunun enməsi, yüksək rütubət və dəyişkən hava insanın immunitetini zəiflədərək onun orqanizmini xəstəliklərə qarşı daha dözümsüz edir. İmmun sisteminin möhkəmləndirilməsi orqanizmin sağlamlığı üçün əsas şərt olsa da, bəzi insanlar immunitetinin yüksəldilməsi üçün kortəbii şəkildə tədbirlər görürlər. Lakin onlar bu zaman nəzərə almırlar ki, kortəbii şəkildə görülən bu tədbirlər orqanizmdə, xüsusilə uşaqların orqanizmində hansı ağır fəsadlara yol aça bilər.

"İki sahil"in məlumatına görə, immun sisteminin orqanizm üçün “yad”, təhlükəli hesab edilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıdığını deyən həkim-konsultant Yazgül Abdiyeva mətbuata açıqlamasında bildirib ki, insan orqanizminin daxili mühitinin sabitliyini qorumaq üçün xüsusi hüceyrələr (anticisimciklər) mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin “molekulyar pasportunu” yoxlayaraq “yad” hüceyrələri aşkarlayıb onları məhv edirlər: “İnsan iradəsindən asılı olmayaraq baş verən bu proses çox vacibdir. Çünki hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur. Bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza təhlükə yaradırlar”.

Həkimin sözlərinə görə, müxtəlif xəstəliklər, stresslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun nəticəsində immun sistemi müəyyən dərəcədə zədələnmiş olur. Bu isə “səhv” bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu “mutant-hüceyrə” bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkişaf etməsi ilə nəticələnə bilər.

Y.Abdiyeva qeyd edib ki, böyük insanlar 1 il ərzində 4 dəfədən artıq soyuqlamırsa, onda immunitet normal hesab edilir. İmmunitetin zəifləməsini bildirən əlamətlər ildə 5 dəfədən çox xəstələnmək (yuxarı tənəffüs yolları infeksiyaları, qrip və s. ilə), ümumi zəiflik, başağrısı, göz altında göyərmə, dəri örtüklərinin solğunluğu, yuxululuq, dalağın, boyun və qoltuqaltı limfa düyünlərinin böyüməsi, saçların və dırnaqların zəifləməsi, tökülməsi, allergiya, bağırsaq dizbakteriozu, iştahasızlıq, arıqlama, meteorizm və s.-dir.

Bu hallar müşahidə edildiyi zaman immuniteti möhkəmləndirmək üçün tədbirlərin görülməsini vacib sayan Y.Abdiyeva deyib ki, immun sistemini möhkəmləndirmək üçün təbii vasitələrdən istifadə etmək daha düzgündür. İmmun sistemi stimuləedici dərman vasitələrindən kortəbii istifadə isə gələcəkdə autoimmun xəstəliyinə meyillik yaradir: “İmmun sistemi orqanizmin hüceyrə və toxumalarının normal inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir. Bəzi hallarda isə müəyyən olunmayan səbəblər nəticəsində immun sisteminin hüceyrələri orqanizmin sağlam hüceyrələrini “yad” kimi qəbul edərək onları məhv etməyə başlayır. Bu proses “autoimmun patologiya” adlanır. Bəzi hallarda isə immun sistemi tamamilə zərərsiz maddələri “düşmən” kimi qəbul edərək onlarla “vuruşmağa” başlayır. Bu halda orqanizmdə allergik reaksiya baş verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir”.

İmmunostimulyatorlardan istifadə etmədən immuniteti gücləndirməyin yollarını açıqlayan həkim bildirib ki, bunun üçün düzgün qidalanmaq (gündə 3-4 dəfə), qidada meyvə, tərəvəz, süd məhsullarının miqdarını artırmaq lazımdır. İmmuniteti gücləndirən əsas qidalar isə tərkibi C vitamini ilə zəngin olan meyvələr (limon, portağal, mandarin, qarağat), həmçinin üzüm şirəsi, qırmızı şərab, bal, qoz, fındıq, badam və s., tərəvəzlərdən soğan, sarımsaq, brokkoli (gül kələmi), kök, dəfnə yarpağı, təbii süd məhsulları (yoğurt, pendir, kəsmik), zülallarla zəngin ət və balıq məhsullarıdır. İmmuniteti artırmaqdan ötrü karbohidrat və zülal mübadilə proseslərini tənzimləyən, immun sisteminin virus və infeksiyalarla effektiv dərəcədə mübarizəsinə kömək edən sinklə zəngin qidalar qəbul etmək, çoxlu miqdarda maye içmək lazımdır.

O, əlavə edib ki, viruslar burun-udlağın quru selikli qişasında daha asanlıqla çoxaldığından burunun selikli qişasının qurumaması üçün onu dəniz duzu məhlulu ilə yuyub təmizləmək lazımdır: “Bu sadə prosedur nəticəsində bütün mikrob və bakteriyalar təmizlənir, nəticədə selikli qişanın quruması baş vermir, yerli immunitetin də zəifləməsinin qarşısı alınır. Bundan başqa, mütləq gün ərzində heç olmasa 1 stəkan yaşıl çay içmək lazımdır, çünki onun tərkibində faydalı elementlər daha çoxdur. Yaşıl çayın tərkibində olan polifenol orqanizmdən sərbəst radikalları çıxarır və bir çox xəstəliklərdən müdafiə edir. Ona görə də yaşıl çayın sistematik qəbulu immuniteti möhkəmləndirir. Yaşıl çayla yanaşı, insanı soyuqdəymədən müdafiə edən, orqanizmin infeksiyalara qarşı müdafiəsini artıran fitoçayları da unutmaq olmaz. Əsasən moruq, qarağat, nanə, çobanyastığı (1 stəkan qaynar suya 1 x.q.) yarpaqlarından çay dəmləməsi virus əleyhinə, iltihab əleyhinə, ümumi möhkəmləndirici təsir göstərir. Profilaktik məqsədlə boğazı bir gündən bir çobanyastığı, adaçayı dəmləməsi və ya dəniz duzu məhlulu ilə yaxalamaq da antiseptik təsir göstərir və selikli qişanı təmizləyərək yuyur”.

Həkim vurğulayıb ki, immunitetin güclənməsində 70% halda bağırsaqlar rol oynadığından gündəlik olaraq süd məhsulları (qatıq, yoğurt, təbii kəsmik) qəbul etmək lazımdır: “Bu məhsulların az və ya orta dərəcəli yağlılığı olan növlərini seçmək daha arzuolunandır. Bağırsaq immunitetinə müsbət təsir göstərən məhsullar – meyvə (daha çox alma), tərəvəz (pomidor), göy-göyərti də çoxlu yeyilməlidir. Bir çox məhsulların müntəzəm şəkildə qəbul olunması da immuniteti gücləndirir. Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zəngindir ki, bu da mikroblar və viruslara qarşı olan mübarizədə orqanizmə kömək edir. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması bu xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması orqanizmin təmizlənməsinə – zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına, bu da öz növbəsində, immunitetin möhkəmlənməsinə yardım edir”.

Y.Abdiyeva qeyd edib ki, bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayıldığından onların müntəzəm şəkildə istifadə edilməsi müsbət nəticələr verir: “Qrip epidemiyaları zamanı immunitetin möhkəmləndirilməsi məqsədilə limon-bal qarışığı, zəncəfil (çaya əlavə etməklə) qəbulu məsləhətdir. İmmunitetin güclənməsi üçün bədəndə olan xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, kariyesli dişlər, haymorit, qurd invaziyaları və s.) müalicə edilməsi, hadisələrə pozitiv yanaşmaq, stressdən uzaq olmaq, əsəbiləşməmək, yuxu rejiminə diqqət etmək, aktiv həyat tərzi keçirmək, təmiz havada çox gəzmək, idmanla məşğul olmaq da zəruridir”.

Həkim bildirib ki, uşaq orqanizminin həssaslığının yüksək olmasını və immunitetinin böyüklərə nisbətən daha zəif inkişaf etməsini nəzərə alaraq, immuniteti gücləndirmək məqsədilə onlara verilən qidaların miqdarını və immunostimulyatorların, bioloji aktiv maddələrin, vitamin komplekslərinin dozasını düzgün seçmək lazımdır: “Məsələn, uşaqlara bal, bəhməz, çuğundur və kök şirələri, sitrus meyvələri, bananın və s. həddindən artıq miqdarda verilməsi allergik reaksiyaların (bronxospazm, səpgilər və s.) yaranmasına səbəb ola bilər.