16 noyabr 2024 00:12
58

850 yaşlı Quran Böyük Britaniyada

Müqəddəs kitabımız oraya necə gedib çıxıb?

Məlumdur ki, Azərbaycanda xəttatlar tərəfindən üzü köçürülmüş mədəni abidələrimiz, o cümlədən müqəddəs Quran kitabının bir neçə nadir nüsxəsi xarici ölkələrin arxivlərində, kitabxanalarında və ya muzeylərində saxlanmaqdadır. Bəs necə olub ki, bu kitablar bizdən min kilometrlərlə uzaq olan ölkələrə gedib çıxıb?

Orta əsrlərdə feodal müharibələri səngimir, türk-müsəlman ölkələrinə xaçlı səlib yürüşləri ara vermirdi. Həmin müharibələrdə başlıca məqsədlərdən biri də istila edilən ölkələrin maddi və mənəvi sərvətlərini qarət edib özləri ilə aparmaq  idi. Dövlətlər müharibələr apardıqca həmin sərvətlər bir dövlətdən digərinin əlinə keçərək beləcə ölkələr gəzirdi. Ona görə də bir çox yazılı mənbələrimizin, tarixi və mədəniyyət abidələrimizin hətta okeanın o tayında belə tapılması təəccüblü deyil. Hazırda bir çox qiymətli maddi-mədəni-tarixi abidələrimiz Rusiyanın Sankt-Peterburq, Almaniyanın Drezden, Gürcüstanın Tbilisi, Ermənistanın İrəvan şəhərlərindəki muzeylərində saxlanmaqdadır. Təəssüflə deməliyik ki, dünya incilərindən biri sayılan “Kitabi Dədə Qorqud” dastanının bir əlyazması Almaniyadakı Drezden kitabxanasındadır. Eramızın V əsrində İndiki Daşkəsən rayonunun Bayan kəndindəki  Alban kilsəsində yazılmış İncilin nadir nüsxələrindən biri 1975-ci ilə qədər Bakıda saxlanıb. Lakin erməni keşişlər onu oğurlayaraq gizlicə Ermənistandakı Matenadaran muzeyinə aparıblar. Hadisə belə olub. 1974-cü ildə Bayan kəndində yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gəlir və onu Azərbaycanda erməni kilsəsinin baş katalikoslarından biri olan Vaqan Teryana verir. O da öz növbəsində 1975-ci il yanvarın 1-də Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katolikosu olan I Vazgenə (Levon Garabed Baljian) hədiyyə edir. O, da qədim kitabı hədiyyə kimi alır, açır və həmin ilin 25 iyulunda Matenadarana göndərir, tapşırıq verir ki, kitab heç bir zaman açılmasın.

Erməni alimlərinin onu oxuya bilməməsini gizlətmək məqsədi ilə kitaba kiminsə əl vurmasını, vərəqləməyini qəti qadağan ediblər. O kitabı yalnız katalikoslar vərəqləyə bilərlər. Dövlət başçısı seçilən şəxslər də məhz həmin kitaba əl qoyub and içirlər. Onlardan kimsə indiyədək bu kitab barədə heç kəsə heç bir məlumat verməyib.

 Qayıdaq əsas mövzuya. Xatırladaq ki, orta əsrlərdə Azərbaycanda hazırlanmış çox nəfis Quran kitabı Böyük Britaniyanın paytaxtı Londondakı "The Khalili Collektions"da saxlanılır. 1175-1225-ci illərə aid olan bu kitab çox böyük ehtimalla Naxçıvanda, Culfada hazırlanıb.

Əlbəttə, bu ehtimal daha məntiqli və inandırıcıdır. Çünki bəhs edilən dövrdə Naxçıvan müsəlman üləmalarının, alimlərin, filosofların, memarların, din xadimlərinin toplaşdığı mədəni mərkəzlərdən biri idi. Burada Yaxın Şərqdə tanınan və müqəddəs qəbul edilən şeyxlər və alimlər yaşayıb-yaradırdı.

Müqəddəs kitabımızın Londonda tapılması ölkəmizin ictimaiyyəti arasında geniş müzakirəyə səbəb olub. Müxtəlif zümrədən olan ziyalılar öz ehtimallarını irəli sürüblər. Lakin onların arasında tanınmış  tarixçi alim, dosent  Zaur Əliyevin verdiyi məlumatlar və təxmin etdiyi ehtimallar daha inandırıcı və maraqlıdır . O bildirib ki, əsas mətn mühəqqaq xətti ilə, ikinci dərəcəli mətnlər isə kufi və nəsx xətti ilə yazılıb: “Bu, Azərbaycan Atabəylər dövlətininin sonuncu hökmdarı Öz Bəy Müzəffərəddinin baş vəziri Əbül-Qasım Harun ibn Əli ibn Zəfərə həsr olunmuş yeddi hissəli Quran nüsxəsidir”.

O dövrdə kitab çapı-mətbəə və nəşriyyat olmadığından böyük əhəmiyyətə malik olan kitablar xəttatlar, sonralar mirzələr tərəfindən əlyazma vasitəsi ilə çoxaldılırdı. Dediyimiz kimi, kitablar nadir hallarda tapıldığı üçün onu hədiyyə kimi padşahlara və yüksək çinli dövlət adamlarına verirdilər. Quran kitabı isə ən qiymətli hədiyyə hesab olunurdu. Bu səbəbdən də Atabəylər dövlətinin baş vəzirinə Quranın hədiyyə edilməsi ona göstərilən böyük hörmət və məhəbbətin göstəricisi sayılırdı. Həmin əsrlərdə Naxçıvana saysız-hesabsız hərbi yürüşlər olur, qarətçi ordular əllərinə keçən qiymətli nə varsa yağmalayıb aparırdılar. Bu müharibələrin ən yaddaqalanı Orta Asiyadan gələn Əmir Teymurun istilaçı ordusunun Naxçıvana yeridilməsidir. Teymurun qoşunu  Əlincə qalasını on dörd il mühasirədə saxlayandan sonra qala müdafiəçilərinin müqavimətini qıraraq onlara heç bir aman vermədən hamısını qırıb çatmışdı.

Şübhəsiz ki, yuxarıda haqqında danışdığımız Quran kitabı da Naxçıvandan aparılmış, yadellilərin əlinə keçərək uzaq Britaniayaya qədər gedib çıxmışdır. Lakin harada olursa-olsun Azərbaycanın kitab tarixindən xəbər verir, dinimizin, dilimizin, elmimizin, folklorumuzun, mədəniyyətimizin qədimliyini özündə təcəssüm etdirir. Ümid edək ki, xarici ölkələr bir gün haqqa gəlib bizə aid olan bütün yazılı abidələrimizi “həbsdən” azad edərək özümüzə qaytaracaqlar.

Vəli İlyasov, “İki sahil”