16 noyabr 2024 00:57
86

Ermənistan sülh sazişindən nə vaxta qədər yayına biləcək?

Haylar üçün Qərblə  Rusiyanın arasında sıxılmaqdansa ən yaxın qonşuları- Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq daha doğru seçim olar

Bu gün Cənubi Qafqazda görünən siyasi mənzərə belədir ki, Azərbaycan kimi, Ermənistanın hərbi-siyasi hakimiyyəti də sülh sazişinin imzalanmasında maraqlıdır. Çünki o, məğlub ölkə kimi artıq başqa yolunun olmadığını, geosiyasi gedişlərdə dalana dirəndiyini yaxşı anlayır. Xüsusilə daha  müasir düşüncəli ermənilər dərk edirlər ki, Qərblə  Rusiyanın arasında sıxılmaqdansa inkişaf etməkdə olan ən yaxın qonşuları- Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq daha məqsədəuyğundur. Bu, gələcəkdə haylar üçün ən yaxşı təhlükəsizlik variantı ola bilər.

Ermənistanla isti münasibətlərin yaranmasında qardaş Türkiyə də müəyyən addımlar atmağa çalışır. Məlumdur ki, Azərbaycanla Türkiyənin xarici siyasət kursu bir neçə ildir ki koordinasiyalı şəkildə davam edir. Hər iki ölkə artıq strateji müttəfiqlərdir. Bu isə Azərbaycanla Türkiyənin  müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda daha sıx əməkdaşlığını və eyni məzmunlu siyasət yürütmələrini zəruri edir. Eyni zamanda, hər iki ölkənin regional siyasətində başlıca məqsəd  rəsmi İrəvanla  münasibətləri normallaşdırmaqdır. Çünki məhz bununla Ermənistanı Cənubi Qafqaza soxulmaq istəyən bəzi Qərb ölkələrinin təsir dairəsindən çıxartmaq olar.

44 günlük Vətən müharibəsi və birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanla münasibətlərin normallaşması üçün yeni imkanlar yaradıb. Çünki vaxtilə Türkiyənin Ermənistanla əlaqələri dayandırmasının əsas səbəbi məhz Azərbaycan torpaqlarının işğal altında olması idi.Hələ işğalın ilk illərində Ankara İrəvanla diplomatik münasibətlərin bərpası şərtini konkret formada ifadə etmişdi: Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasa sərhədlərin açılmasının yeganə variantıdır.

Vətən müharibəsindəki tarixi Zəfərimizin ardınca həm Azərbaycan, həm də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələ başladı. Hazırda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması paralel davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında deyib ki, Cənubi Qafqazda 30 ildən sonra sülh və sabitliyə gedən yolun qapıları artıq açılıb: «Azərbaycanın Vətən müharibəsində şəhidlər verərək əldə etdiyi tarixi nailiyyətlərin sülh müqaviləsi imzalanaraq masa arxasında da möhkəmlənməsinə ümid edirik».

Bəli, məhz Ermənistanla Azərbaycan indi sülhə heç vaxt olmadığı qədər yaxındır. Sülh sazişinin imzalanması üçün yaxşı şərait yaranıb. Bunu hər iki tərəf bildirir. Həmçinin ikitərəfli təmaslar sayəsində əldə olunan nəticələr də tərəflərin yekun sülh sazişinə doğru yaxınlaşdığını göstərir. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qrupun reqlamenti bir neçə gün əvvəl təsdiqlənib. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələni hər iki tərəfin ən böyük qələbəsi kimi qiymətləndirib.

 Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində üçüncü tərəfə ehtiyac yoxdur. Bu məsələdə yalnız hər iki ölkənin siyasi hakimiyyətinin qarşılıqlı razılaşmaları önəmli yer tutur. Əvvəla ona görə ki, indi birbaşa təmasların alternativi yoxdur, yəni Bakı və İrəvan üçüncü tərəflərin iştirakı olmadan da münasibətləri normallaşdıra bilərlər. Digər tərəfdən bu, qarşılıqlı etimad mühitinin formalaşmasına da ciddi kömək edər.

Bəs bu qədər real imkanlar varkən niyə hələ də sülh müqaviləsinin imzalanması uzanır? Ona görə ki, bəzi maneələr mövcuddur və  onların aradan qaldırılması mütləqdir. Bu,  Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı davam edən ərazi iddialarıdır. Belə ki, Ermənistan konstitusiyasında hər iki dövlətə qarşı konkret ərazi iddiaları var. Bu isə  o deməkdir ki, hətta bu gün sülh sazişi imzalansa belə, gələcəkdə Ermənistanın hazırkı və ya növbəti hakimiyyəti konstitusiyaya istinad edərək revanş niyyətinə düşə bilər. Bakı və Ankara isə bunu istəmir. Ona görə də haqlı və məntiqli olaraq Ermənistandan konstitusiyasının məlum maddələrini dəyişmək tələb olunur. Ermənistan ərazi iddialarından imtinanı konstitusiya səviyyəsində təsbit etmədikcə yekun sülh sazişinin imzalanması da çətinləşir. Azərbaycan dövləti bu məsələdə dönməz mövqedədir.

Qardaş ölkənin xarici işlər naziri Hakan Fidan ötən ay Türkiyə KİV-inə müsahibəsində Ermənistanla münasibətlərin normallaşması üçün şərti yenidən  açıqlayıb. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə - Ermənistan münasibətləri də normallaşacaq: «Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq.»

Bu gün sülh ən çox Ermənistana lazımdır. Çünki Azərbaycan ərazi bütövlüyünü artıq təmin edib və hazırda beynəlxalq geosiyasətin əsas aktorlarındandır. Fərq ondadır ki, Azərbaycana nisbətən Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil. Ermənistan bu gün Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Bu dövlətin gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona çevrilməsi də istisna deyil.

Ümumiyyətlə, Qərb dövlətlərindən asılılıq, siyasi iradə ortaya qoya bilməmək Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Beləliklə, indi vaxt Ermənistanın əleyhinə işləyir. Əgər rəsmi İrəvan təhlükəsizliyi barədə düşünürsə və regional layihələrdə iştirak etmək istəyirsə vaxt qazanmaq əvəzinə siyasi iradə nümayiş etdirməli, təqdim olunan imkanları dəyərləndirməlidir.

Elçin Zaman, «İki sahil»