15 noyabr 2024 14:05
126

COP29-u yüksək səviyyədə keçirən Azərbaycan bu sahədə çox uğurlu nümunə ortaya qoyur - Xəyal Bəşirov

Məlum olduğu kimi, dünyanın ən böyük təşkilatı olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Sammiti Bakı şəhərində keçirilməkdədir. Tərəflər konfransı - COP29 tədbiri bu gün bütün dünyanın diqqətini, beynəlxalq ictimaiyyətin fokuslarını Azərbaycana yönləndirib və ölkəmiz belə beynəlxalq mötəbər tədbirə uğurla ev sahibliyi edir. Əslində bu tədbirdən istifadə edib, Azərbaycana qarşı hücumlar, siyasi, diplomatik hücumlar təşkil etmək istəyən qüvvələr də oldu, dövlətlər də, təşkilatlar da. Amma biz hər dəfə onların diqqətinə çatdırdıq ki, bu, Azərbaycana aid olan bir tədbir deyil. Bu, ümumilikdə qlobal dünyanın, BMT-nin, iqlim dəyişmələri ilə konvensiyasının tərəflərinin tədbiridir ki, bütün dünya dövlətləri demək olar ki, bu, tədbirin iştirakçılarıdır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi.

Ekspert qeyd etdi ki, bu tədbir çərçivəsində mötəbər platformadan istifadə edən Azərbaycan dünyada diqqətləri bir sıra ciddi məqamlara yönələ bildi. Bunlardan biri də bəzi dövlətlərin müstəmləkəçilik siyasətinin qurbanı olan və məhz bu səbəbdən inkişafdan məhrum olan, eyni zamanda, müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərin yürütdükləri siyasət nəticəsində ekologiyasına böyük zərbələr vurulmuş kiçik ada dövlətləridir. Azərbaycan mümkün qədər dünyanın diqqətinə çatdırmağa çalışır ki, ekologiya, iqlim dəyişmələri bir dövlətin, bir xalqın və yaxud bir regionun problemi deyil, ümumilikdə qlobal dünyanın problemidir və bu problemin həlli məqsədilə bütün dünya əlini daşın altına qoymalıdır.

Siyasi şərhçinin sözlərinə görə Azərbaycan bu istiqamətdə özünün gördüyü işləri diqqətə çatdırdı, real əməlini ortaya qoydu. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatı kimi dünyanın ikinci ən nəhəng təşkilatına rəhbərlik etdiyi dörd illik dönəmdə dünyanın 80-dən artıq dövlətinə o cümlədən də, kiçik ada dövlətlərinə maddi yardım göstərdi və onu bu gün də davam etdirir. Azərbaycan Prezidenti dünyanın diqqətinə çatdırmağa çalışdı ki, inkişaf edən və xüsusilə də əslində iqlim dəyişmələrinin əsas səbəbkarları olan böyük dövlətlər kiçik ada dövlətlərinə dəstək olmalıdırlar, onlara yardım etməlidirlər və bizim nümunəmizdən yararlanaraq bu addımları atmalıdırlar. Əslində bu tədbir, deməli, bir daha beynəlxalq aləmin insanlığın diqqətinə çatdırdı ki, bəzi dövlətlər belə mötəbər platformalardan öz maraqları üçün istifadə edirlər. Amma biz mümkün qədər çalışırıq ki, COP29 həqiqətən də qarşısına qoyan məqsədlərə nail olunması üçün həyata keçirilsin. Əslində bu istiqamətdə kifayət qədər addımlar da atılıb. Bu iqlim dəyişmələri ilə bağlı platformadır. Buna siyasi don geyindirmək, bundan istifadə edərək Azərbaycana qarşı siyasi hücumlar təşkil etmək absurddur, əsassızdır, qeyri- səmimidir.

Xəyal Bəşirov vurğuladı ki, Fransa kimi müstəmləkəçi dövlətlərin ayrı-ayrı kiçik ada dövlətlərinin ekologiyasına vurduğu zərəri, törətdiyi cinayətləri dilə gətirəndə bizi bu tədbiri siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edirlər. Bu, bir daha dünyanın ikiüzlüyündən, bu dünyanın ikili standartlarından xəbər verir. Düşünürəm ki, əslində belə tədbirlərin keçirilməsi real məqsədlərə çatmaq üçün addımların atılması əslində, bəşəriyyət üçün, insanlıq üçün dünya üçün vacib amillərdir. Amma bundan fərqli məqsədlərlə istifadə edilməsi həqiqətən də göstərir ki, dünyada bir sıra güclü dövlətlər belə platformaları görünən məqsədlər üçün deyil, görünməyən məqsədlər üçün istifadə edirlər. Düşünürəm ki, Azərbaycan bu sahədə də çox uğurlu bir nümunə ortaya qoydu. Tədbir hələ davam edir və iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli, o cümlədən də kiçik ada dövlətlərinə dəstəyin göstərilməsi ilə bağlı problemlərin həlli istiqamətində addımlar atılacağı gözlənilir.

Səbinə Kazımova, “İki sahil”