11 noyabr 2024 14:46
125

Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Konstitusiyamızın ölkənin bütün ərazilərində tətbiqini təmin edib

İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın uğurları göz qabağındadır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi, demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ümummilli Liderin milli  dövlətçiliyimiz qarşısında müstəsna  xidmətlərindən biri  Onun rəhbərliyi ilə müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının işlənib hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsidir. Artıq milli Konstitusiyamızın qəbulundan 29 il keçir. Təkcə bu faktı qeyd etməklə  ötən müddətdə Azərbaycanın hər bir sahədə qazandığı uğurların miqyası barədə aydın təsəvvür yaratmaq mümkündür. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında yeni imkanlar, yeni üfüqlər açdı. Ümummilli Liderin  böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi mükəmməl islahatlar Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Milli Konstitusiyamızda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər geniş təsbit olunub.

Şübhəsiz, hər bir bayram, ölkəmizin həyatında hər bir əlamətdar gün keçilən yolun təqdimatını  zəruri amil kimi qarşıya qoyur. Müstəqil dövlətimizin ilk Konstitusiyasının ümumxalq səsverməsi  (referendum) yolu ilə qəbul olunduğu 1995-ci ilin 12 noyabr tarixi də bu cür əlamətdar günlər sırasındadır.   

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, respublikamızın ilk Konstitusiyası Azərbaycan sovet imperiyasının tərkibində olduğu dövrdə-1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olunub. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

Təbii ki, Azərbaycanın uğurlarından bəhs edərkən ilk növbədə  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gördüyü işlər, atdığı məqsədyönlü addımlar göz önünə gəlir. Bu zaman azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği hər iki dövrün əsas çağırışı olduğu bir daha təsdiqlənir. Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövründə- 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlandı.  1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Liderin təklifi ilə Əsas Qanunun 73-cü maddəsində  bu mühüm məqam öz əksini tapdı ki, Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu  dövrdə milli Konstitusiyanın qəbulu əsas prioritetlər sırasında yer aldı. Müstəqil dövlətin ilk Konstitusiyasının milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin  1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Azərbaycanda  Konstitusiya Günü kimi qeyd edilir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi  Azərbaycan dövlətinin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.  Ulu Öndər Heydər Əliyevin bu mühüm çağırışı daim xüsusi vurğulanır ki, əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur.

Vüqar Rəhimzadə vurğulayıb ki, yeni Konstitusiyamız ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Milli Konstitusiyamız insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.  Konstitusiyamızın tələblərinə uyğun olaraq bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi  dövlətimizin siyasətinin əsasını təşkil edir.  Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası bütövlükdə siyasi, iqtisadi və sosial münasibətlər sisteminin təməl prinsiplərini müəyyən edir. Ölkə Konstitusiyasında demokratik, hüquqi, sosial dövlət ideyasına, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olmasına çağırışlar edilir. Konstitusiyada əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına yönəlib. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, dövrün çağırışlarına uyğun olaraq Ali Qanunumuza müxtəlif vaxtlarda əlavə və dəyişikliklərin edilməsinə böyük zərurət yaranıb. Bu günədək Konstitusiyaya üç dəfə əlavə və dəyişiklik edilib ki, bunun biri Ümummilli Liderin hakimiyyəti dövrünə-2002-ci ilə, ikisi isə cənab İlham Əliyevin Prezidentliyi dövrünə- 2009 və 2016-cı illərə təsadüf edir. Konstitusiyamıza əlavə və dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Bircə faktı qeyd etmək kifayətdir ki, “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən  Azərbaycan dövlətinin ali məqsədi insan hüquqların qorunması  və müdafiəsi ilə yanaşı, vətəndaşların yüksək rifahının təmin edilməsidir. Göründüyü kimi, insan amili Azərbaycanda  dövlət siyasətinin əsasını təşkil edir.

Millət vəkili bildirib  ki, Azərbaycan demokratik, hüquqi  dövlətdir. Milli Konstitusiyamız məhz özünün başlıca amalına-demokratiya və hüquqi dövlət prinsiplərinə əsaslanaraq ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsinə, eyni zamanda, dövlətçiliyin tərəqqisinə etibarlı zəmin yaradır.  Ali Qanunumuz fəaliyyətdə olduğu son 29 ildə Azərbaycanın müstəqillik yolunda daha da inamla irəliləməsini, milli-mənəvi dəyərlərimizin hərtərəfli qorunmasını və əhalinin rifahının təmin edilməsini şərtləndirən əsas vasitə kimi çıxış etməkdədir.  Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı istiqamətində atdığı davamlı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Tarixi günlərdə, bayramlarda əfv sərəmcamlarının imzalanması və Amnistiya aktlarının qəbulu dövlətimizin insan amilinə verdiyi dəyərin, humanizm prinsiplərinə sadiqliyinin bariz nünunəsi kimi qeyd edilir. Bir sözlə, Azərbaycan dövləti vətəndaşının Konstitusiya ilə müəyyən edilmiş  bütün hüquqlarının qorunması üçün mühüm addımlar atır. Təbii ki, vətəndaşların da öz vəzifələri vardır.  Hər birimiz ölkəmizin inkişafında, cəmiyyətin idarə olunmasında  böyük əhəmiyyətə malik olan qanunlarımızdan irəli gələn vəzifələrin icrasına əməl etməli, Azərbaycanın inkişafına öz töhfəmizi verməliyik.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq dörd ildir tarixi günlərimizi, bayramlarımızı Zəfər ovqatında qeyd edirik. Məhz bu səbəbdən harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev yeniliyə, təkmilləşməyə əsaslanan siyasəti ilə ölkəmizi zəfərlərə qovuşdurur. Bu gün tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də Azərbaycanda insan amilinin dövlət siyasətinin əsası olduğunu təsdiqləyir. Soydaşlarımızın işğaldan azad edilmiş məkanlarda yüksək rifah şəraitində yaşamasını təmin etmək üçün müasir tələblərə uyğun olaraq bütün zəruri addımlar atılır. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən əsas çağırışı bu oldu ki, əhalinin rahat yaşayışı üçün  bütün imkanlar yaradılmalıdır. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını, yeni hədəflər müəyyənləşdirməsini, beynəlxalq aləmdə söz sahibliyinin artmasını şərtləndirdi. Bu gün ölkəmizin demokratik inkişaf tarixinə yeni-yeni möhtəşəm səhifələr yazılır. Seçki ili kimi xarakterizə edilən 2024-cü ildə müstəqillik tariximizdə  ilk dəfə olaraq  bütün ölkə ərazisində  prezident və parlament seçkiləri keçirildi. Bu seçkilər zamanı dünyanın diqqəti azad edilmiş ərazilərdə seçici fəallığının yüksək olmasına yönəldi. Soydaşlarımızın böyük qürur hissi ilə öz seçki hüquqlarından istifadə edərək doğma yurd-yuvalarında səsvermə prosesinə qatılmaları diqqətlə izlənildi. Tarixi Zəfərimiz, lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqini təmin etdi. Bu gün hər birimiz 12 noyabr- Konstitusiya Gününün ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda bayram edilməsindən sonsuz qürur duyuruq. Təbii ki, möhkəm təmələ əsaslanan siyasət hər bir bayramı qürurverici hesabatla qeyd etməyə yol açır. Bu gün milli Konstitusiyamızın verdiyi imkanlardan bəhrələnən ölkəmizin  hər bir  vətəndaşı əmindir  ki, müasir müstəqil, qalib Azərbaycan yeni hədəfləri reallığa çevrilməklə daha da möhtəşəm uğurlara imza atacaq, tarixini zəfər səhifələri ilə zənginləşdirəcək.