26 noyabr 2024 01:57
69

Erməni lobbisinin və anti-Azərbaycan dairələrin bütün məkrli planları alt-üst oldu

Qərbdəki ənənəvi qərəzli dairələrin, erməni lobbisinin təxribatçı cəhdlərinə, çirkin məqsəd güdən səylərinə baxmayaraq Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) yüksək səviyyədə keçirərək öz məqsədinə nail oldu. Ölkəmizə qarşı məkrli planlar quran, hər fürsətdə çirkin niyyətlərini həyata keçirməyə çalışan mərkəzlərin boykot çağırışlarına rəğmən, Azərbaycanın ən yüksək səviyyədə təşkil etdiyi, 192 ölkədən olan 70 min iştirakçının, 80 dövlətdən prezidentlərin, vitse-prezidentlərin, Baş nazirlərin təmsilçiliyi ilə baş tutan COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olundu.

Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında bildirib: “Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.

Ölkəmizin başçısının bildirdiyi kimi, “yaşıl dünya naminə həmrəylik nümayiş etdirən Azərbaycan bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi.

Bəli, COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.ABŞ Prezidenti Cozef Bayden COP29-a uğurla ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edib. Prezident C.Bayden, həmçinin qeyd edib ki, COP29 həm də tarixi konsensusa nail olmaq üçün mühüm bir platforma olub: “Mən tərəfləri və COP29 prezidentini bu mühüm nəticəyə görə təbrik edirəm. İqlim hədəflərinə çatmaq üçün əhəmiyyətli addımlar atılıb, bugünkü uğur düzgün istiqamətdə atılmış mühüm bir addımdır. ABŞ xalqı və gələcək nəsillər adından daha təmiz, daha təhlükəsiz və sağlam planetin təmin edilməsi üçün səylərimizi artırmaq öhdəliyinə sahibik. Konfrans zamanı ölkələr 2035-ci ilə qədər iqlim təşəbbüslərinin beynəlxalq maliyyələşdirilməsinə dair iddialı bir məqsəd müəyyənləşdiriblər. Bu, inkişaf etməkdə olan ölkələrin yaşıl və dayanıqlı iqtisadiyyatlara keçidini sürətləndirmək üçün lazım olan maliyyə resurslarını səfərbər edəcək”.

Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Vopke Hukstra COP29-un yekun plenar iclasındakı çıxışında bildirib ki, COP29 iqlim maliyyəsinin yeni dövrünün başlanğıcıdır: “Avropa İttifaqı və onun üzv ölkələri bu prosesdə aparıcı rol oynamağa davam edəcək. Biz maliyyələşməni əhəmiyyətli dərəcədə artırmaq üçün bütün iştirakçılarla fəal işləmişik. Biz 100 milyard dollarlıq hədəfi üç dəfə artırmışıq və bu hədəfin iddialı, zəruri, real və əldə edilə biləcəyinə inanırıq”.

Bütün bunların fonunda qətiyyətlə demək olar ki, anti-Azərbaycan dairələrin, qlobal iqlim fəsadları ilə mübarizəyə çox böyük töhfələr verən COP29-un Bakıda davam etdiyi günlərdə Qərbdəki müxtəlif beynəlxalq təşkilatlar, media orqanları vasitəsilə ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası iflasa uğradı. Məlum mərkəzlərin “insan haqları”, “söz, vicdan azadlığı” kimi məsələlərdən, hətta Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı bəşər tarixində misli görünməmiş cinayət əməlləri törədən əliqanlı terrorçuların-bu gün ölkəmizdə həbsdə olan hərbi cinayətkarların azad edilməsi üzərindən respublikamıza siyasi təzyiq göstərmək cəhdləri fiaskoya uğradı.

Bundan başqa, COP29-un geosiyasi, insan hüquqları məsələlərinin müzakirə olunduğu hüquqi platforma olmadığını yaxşı dərk edən, ermənipərəst dairələrin  sifarişi ilə iqlim dəyişmələri konfransında gərginlik yaratmağa, bu beynəlxalq platformadan ölkəmizə qarşı növbəti siyasi hücuma istifadə etməyə cəhd etməyə çalışan  Almaniyanın xarici işlər naziri Annalena Berbok,  eləcə də Azərbaycana qarşı daim şər-böhtan kampaniyası aparan erməni lobbisnin muzdlu nökəri olan ABŞ konqresmeni  Frank Peloni kimilərin bütün məkrli planları alt-üst oldu. Azərbaycanın ən yüksək səviyyədə təşkil etdiyi COP29 isə tarixin səhifələrinə siliməz hərflərlə həkk olundu.

Zahid Rza, “İki sahil”