26 noyabr 2024 00:45
75

Azərbaycanın beynəlxalq müstəvidəki irimiqyaslı diplomatik uğuru -  COP29

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın yüksək təşkilatçılığı nəticəsində ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü. Noyabrın 11-də başlayan, dünyanın 196 ölkəsindən 80 prezident, vitse-prezident və baş nazirin iştirak etdiyi, ümumilikdə 76 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi, geniş auditoriyanın bir araya gəlməsinə şərait  yaradan COP29 çərçivəsində təsdiq edilmiş Fəaliyyət Gündəliyi əsasında  dünyanın ən aktual iqlim problemləri, eləcə də unudulmuş prioritetləri gündəmə gətirildi. Müxtəlif panellər üzrə iqlim sahəsində dünyanı gözləyən təhlükələr, qlobal problemlər, onların qarşısının alınması yolları, yaşıl enerjiyə keçid və digər mühüm məsələlər müzakirə olundu.

COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. C.Bayden Administrasiyası və Avropa İttifaqının rəhbərliyi əlaqəli şəkildə müzakirələri hədəfdən yayındırmaq yolunu tutdular. Maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqının və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayendir. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi  və məhz buna görə Bakıya gəlmədi. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Bu tarixi razılaşma məhz Bakıda əldə olundu. COP29-da 300 mlrd.dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı.

COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir. Ölkəmiz həm yerləşdiyi məkan, həm gündən-günə yüksələn nüfuzu, həm də bütün sahələrdə həyata keçirdiyi əhəmiyyətli fəaliyyəti ilə diqqət mərkəzindədir. Dövlətimizin başçısı İlham Əliyev Liderlər Sammitində çıxışında qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: "Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

Hazırda Azərbaycan istifadə etdiyi elektrik enerjisinin cəmi 6 faizini bərpaolunan mənbələrindən əldə edir. 2030-cu ildə ölkəmiz bu sahədə 34 faizlik göstəriciyə nail olmağı hədəfləyir. Bu, həm hazırda elektrik enerjisinin istehsalı üçün tələb olunan xammala qənaət, həm də ətraf mühitin təmizliyi baxımından ciddi göstərici olmaqla yanaşı, aylardır "neft ölkəsi iqlim dəyişmələrinə dair konfransı necə keçirə bilər" hədyanlarını qaldıran dairələrə və dövlətlərə verilmiş tutarlı cavabdır. Bu, dövlətimizin beynəlxalq öhdəliklərə verdiyi önəm və töhfə, hökumətimizin çevikliyi və novatorluğa adaptasiya bacarığı ilə paralel, xalqımızın intellektual səviyyəsi və potensialının dünyaya nümayişidir. Biz xammal ölkəsi deyil, faydalı qazıntıları istehsala, real iqtisadiyyatın qurulmasına və nəticə etibarilə insan kapitalına sərf edə bilən, savadlı cəmiyyətdə yaşayan xalqıq! Bu reallıq COP29-u yüksək səviyyədə keçirməyə nail olan dövlətimizin və təbii ki, xalqımızın böyük uğurudur.

 Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda qeyd etdiyi kimi, biz havaya atılan tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi:“COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu”.

Bu gün Azərbaycanın dünya iqtisadiyyatının yeni trendi - bərpaolunan enerjidə texniki potensialı quruda 135, dənizdə 157 giqavat təşkil edir. Bu, olduqca böyük ehtiyatdır. Azərbaycan həyata keçirməyi planlaşdırdığı çevik tədbirlər vasitəsilə həmin enerjini ixraca yönəldəcək. Yaxın illərdə Avropa qitəsi Azərbaycanın neft və qazı ilə yanaşı, həm də "yaşıl enerji"sini idxal edəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla ilkin addımlar da atılıb. Azərbaycandan "yaşıl enerji" Gürcüstan üzərindən və Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə ilkin olaraq Rumıniya və Macarıstana çatdırılacaq. Sonra isə təbii ki, Avropanın digər ölkələri də bu ekoloji cəhətdən təmiz və ucuz başa gələn enerji mənbəyinə qoşulacaqlar. Əlamətdar haldır ki, bu xəttə qardaş türk dövlətləri - Qazaxıstan və Özbəkistan da öz ehtiyatları ilə qoşulacaqlar və müştərək ixrac potensialımız daha da artacaq.

Göründüyü kimi, artıq başa çatan COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu. Dünya bir daha ölkəmizin dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin bir daha  şahidi oldu.

Şəmsiyyə Əliqızı, “İki sahil”