09 noyabr 2024 18:12
151

Baham Adalarının xarici işlər naziri “ASAN xidmət”də olub

Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazir Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.

“İki sahil” xəbər verir ki, qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaq “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını və bu konsepsiyasının ölkəsində tətbiqi imkanlarının nəzərdən keçiriləcəyini qeyd edib. Həmçinin qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verilib.