12 noyabr 2024 16:06
150

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Qarabağa səfər edib

Prezident İlham Əliyevin dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serbiyalı üzvü xanım Jelka Tsviyanoviç işğaldan azad edilmiş Qarabağda qısamüddətli tanışlıq səfərində olub.

“İki sahil” xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağa Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında yenidən bərpa olunan Füzuli şəhəri, bölgədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sakinlərin doğma yurdlarında yenidən məskunlaşması ilə bağlı tədbirlər barədə geniş məlumat verilib.

“Zəfər yolu” ilə Şuşaya gedən xanım Tsviyanoviçi və onu müşayiət edən şəxsləri şəhərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb. Qonaqlar “Heydər Əliyev və Şuşa” ekspozisiyası, Cıdır düzü, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydanı, Yuxarı Gövhər Ağa məscidi, Qazançı kilsəsi, Şuşanın diqqətəlayiq memarlıq nümunələrindən olan Kərim bəy Mehmandarovun evi, hazırda inşası davam etdirilən Zəfər məscidi ilə tanış olublar. Qısa şəhər turu zamanı onlara Şuşa qalasının məşhur Gəncə qapısı, xan qızı Natəvanın erməni işğalçıları tərəfindən dağıdılmış sarayı, artıq yerli sakinlərin məskunlaşdığı yeni yaşayış massivi göstərilib.

Şuşadakı irimiqyaslı quruculuq işlərinin Prezident İlham Əliyevin daim diqqəti və şəxsi nəzarəti ilə həyata keçirildiyini qeyd edən Aydın Kərimov Qarabağ xanlığının və Şuşa şəhərinin tarixi, milli mədəniyyətin inkişafındakı yeri və mövqeyi, otuz ilə yaxın sürən erməni işğalı və onun ağır nəticələri, şəhərin azad olunmasında Azərbaycan əsgərinin qeyri-adi şücaəti, gələcəklə bağlı planlar haqqında ətraflı məlumat verib, çoxsaylı sualları cavablandırıb.

Qonaqlar səfər nəticəsində təkcə Şuşa şəhəri haqqında deyil, ümumən Qarabağ və müasir Azərbaycanın mübarizələrlə dolu mürəkkəb tarixi və bugünkü həyatı barədə aldıqları gerçək və obyektiv məlumatlara görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Şuşa səfəri zamanı Jelka Tsviyanoviçi müşayiət edib.