09 noyabr 2024 15:43
205

Müqəddəs İoann Lateran bazilikasının 1700 illik yubileyi qeyd edilir

Noyabrın 9-da Romanın ən mühüm kilsəsi olan Müqəddəs İoann Lateran bazilikasının 1700 illik yubileyi qeyd edilir.

“İki sahil” xəbər verir ki, bazilikanın ildönümü 1565-ci ildən bəri bütün Katolik Kilsəsi tərəfindən bayram günü kimi qeyd olunur. Kilsə Roma Yeparxiyasının kafedralı və Roma yepiskopunun oturduğu yerdir. Bazilikaya bitişik saray XIV əsrə qədər Roma Papasının iqamətgahı kimi istifadə olunub. Müqəddəs İoann Lateran bazilikası 313-cü ildə xristianlara öz dinlərini etiqad etmək azadlığı verən İmperator Konstantinin Milan fərmanının elanından sonra tikilib.

Roma Yeparxiyası 1700 illik yubileyi il ərzində xüsusi şənliklər, o cümlədən konsertlər və kütləvi mərasimlərlə qeyd edəcək. Yubiley ili çərçivəsində aparılan bərpa işləri zamanı bazilikanın qarşısındakı ərazidə IV əsrə aid xarabalıqlar aşkar edilib. Hazırda kilsənin ətrafı abadlaşdırılır. Kilsə yubiley ili ərəfəsində İtaliya paytaxtına gəlməsi nəzərdə tutulan 30 milyondan çox zəvvar və turist üçün hazır olacaq.