Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən prioritet məsələdir. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu problemlərin həllində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı mühüm rol oynayır.
Ötən ilin sonunda Azərbaycan dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququna layiq görülüb. Artıq bu tədbirin başlanmasına sayılı günlər qalıb. Əminliklə demək olar ki, ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə keçirməyə tam hazırdır. Bir neçə gündən sonra rəsmi Bakı qonaqları qarşılamağa başlayacaq.
Artıq 100-dən çox dövlət və hökumət başçısı, həmçinin beynəlxalq qurumların rəsmiləri Azərbaycanda keçirilən COP29-da iştirak edəcəklərini təsdiqləyib. Bu ölkələrin arasında ABŞ, Türkiyə, Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa İspaniya və digər ölkələrin nümayəndələri var. Amma “Avronyus” (Euronews) məlumatına görə ermənipərəst mövqeyi ilə seçilən, ölkəmizin əleyhinə həmişə hədyanlar yağdıran Fransa Prezidenti Emmanuel Makron bu mötəbər tədbirdə iştirak etməyəcək. Bu il yenidən Avropa Komissiyasının Prezidenti seçilən Ursula Fon der Lyayen də COP29-a qatılmayacağını bəyan edib. Halbuki, o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə dövlət başçımıza ünvanladığı təbrik məktubunda 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP29-u səbirsizliklə gözləyidiyini vurğulamışdı. Hətta bildirmişdi ki, bu, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq. Şübhəsiz, 65 yaşlı bu xanımın belə qərar qəbul etməsi Makron tərəfindən idarə olunduğunu, onun diktəsi ilə oturub-durduğunu bir daha təsdiq edir. Bu, həm də Fransanın Avropa Komissiyasının cilovunun da Makronun əlində olduğundan xəbər verir.
Ən əsası, Ursula Fon der Lyayen yaxşı bilir ki, bu, BMT-nin ən geniş miqyaslı tədbiridir. Azərbaycan isə bəşəriyyəti narahat edən qlobal problemin həllində lider dövlət olaraq bu mötəbər tədbirə ev sahibliyi edir. Məsələyə bu aspektdən yanaşsaq, şübhəsiz onun bu addımı rəsmi Bakıya deyil, eyni zamanda, BMT-yə hörmətsizlikdir. Yəni, bir qurum rəhbəri kimi o, BMT-ni saya almır. Halbuki, o, Avropa Komissiyasının sədrliyinə namizədliyini yenidən irəli sürəndə bu kimi problemlərə qarşı həssas münasibət sərgiləcəyini vəd etmişdi. Hətta bildirmişdi ki, Avropa dəyişiklikləri dayandıra bilməz, lakin o, yeni rifah əsrinə sərmayə qoymaqla və insanların həyat keyfiyyətini yaxşılaşdırmaqla onları qəbul edə bilər. Görünür, o bütün bu vədlərini tamamilə unudub... Bir məsələni də qeyd edək ki, dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözləyir. Hətta maliyyə COP29-un əsas məsələsidir. Bakıda konfrans zamanı "İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi" adlı paketin imzalanması da planlaşdırılır. Görünür, Avropa İttifaqı bu məsuliyyətdən yayınmaq üçün COP29-a gəlməkdən boyun qaçırır.
Digər tərəfdən Ursula Fon der Lyayen bu addımı ilə bir daha göstərib ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Amma fakt budur ki, Ursula Fon der Lyayen bu tədbirə gəlib-gəlməməsindən asılı olmayaraq Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək və uğurlu nəticəyə imza atacaq. Bununla da dünyanı növbəti dəfə heyrətləndirəcək. Bu mənada əminliklə demək olar ki, Ursula Fon der Lyayen BMT-nin tədbirində iştirak üçün Bakıya gəlirsə gəlsin, gəlmirsə, dünəndən gəlməsin.
Qvami Məhəbbətoğlu, “İki sahil”