ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərində 70 milyondan çox vətəndaş erkən səsvermədə iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Florida Ştat Universitetinin dərc etdiyi məlumatlarda bildirilib.
Hesablamalara görə, 70 053 286 ABŞ sakini erkən səsvermə hüququndan istifadə edib. Onlardan 37,4 milyondan çoxu səs vermə məntəqələrində şəxsən səs verib, təxminən 32,6 milyon nəfər isə poçt vasitəsilə səs verib.
ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin sayı təxminən 168 milyondur. Ən çox erkən səsvermə Texas (7,9 milyon), Florida (7,3 milyon) və Kaliforniya (6 milyon) ştatlarında qeydə alınıb.
Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Dövlət başçısı postu uğrunda respublikaçı Donald Tramp və demokrat Kamala Harris mübarizə aparacaq. Tramp ABŞ-nin 45-ci prezidenti olub və 2017-2021-ci illərdə ölkəyə rəhbərlik edib. Harris ABŞ-nin vitse-prezidenti vəzifəsini tutur.