02 noyabr 2024 08:40
188

Türkiyə və 14 Afrika ölkəsi Cibutidə bir araya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-Afrika Tərəfdaşlığının Üçüncü Nazirlərin İcmal Konfransında iştirak edəcək.

“İki sahil”in məlumatına görə, 14 Afrika ölkəsinin qatılacağı konfransda Türkiyə-Afrika əlaqələrinin gələcək 5 illik strategiyası və yol xəritəsi müəyyən ediləcək.

“TRT Haber”in diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə 2008-ci ildən bəri Afrika Birliyinin 9 strateji tərəfdaşından biridir.

Bu çərçivədə mütəmadi olaraq Türkiyə-Afrika Tərəfdaşlıq Sammitləri keçirilir. Zirvələrlə Türkiyə-Afrika əlaqələrinin gələcək 5 illik strategiyası və yol xəritəsi müəyyən edilir.

Sonuncu Zirvə görüşü 16-18 dekabr 2021-ci ildə İstanbulda keçirilib. Növbəti sammitin 2026-cı ildə bir Afrika ölkəsində keçirilməsi gözlənilir.

Zirvə toplantılarında qəbul edilən qərarları nəzərdən keçirmək üçün Nazirlərin İcmal Konfransı keçirilir. Bunlardan ilk ikisi 2011 və 2018-ci illərdə İstanbulda keçirilib.

Məlumata görə, konfrans çərçivəsində H.Fidan ev sahibi ölkə - Cibuti və Afrika ölkələrindən olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. Sözügedən səfər həm də Türkiyədən Cibutiyə xarici işlər naziri səviyyəsində ilk səfər olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”