01 noyabr 2024 08:58
176

F-35-də pilot xətası: 11 dəqiqə nəzarətsiz uçdu, sonra yerə çırpıldı

ABŞ Dəniz Piyadaları Korpusunun F-35 döyüş təyyarəsi pilotun səhv qərarı nəticəsində təxminən 11 dəqiqə havada nəzarətsiz uçduqdan sonra qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, Dəniz Piyadaları Korpusunun cümə axşamı açıqladığı araşdırma hesabatına görə, təxminən 100 milyon dollar dəyərində olan təyyarənin qəzaya uğramasının səbəbi pilotun bunu "nəzarət olunmayan uçuş fövqəladə halı" kimi səhv qiymətləndirməsi və təyyarəni boşalma oturacağı ilə tərk etməsi olub.

Xatırladaq ki, hadisə 2023-cü il sentyabrın 17-də güclü yağış zamanı baş verib.

Pilot elektrik naqillərindəki nasazlıqlar və ekranlardakı problemlər səbəbindən ejektor oturacağından istifadə edərək təyyarəni tərk edib. Bu vaxt F-35 avtomatik uçuş idarəetmə sistemləri sayəsində təxminən 11 dəqiqə 112 kilometr məsafədə pilotsuz uçmağa davam edib.

Bildirilib ki, qəza nəticəsində ətraf ərazilərə heç bir xəsarət dəyməyib, lakin xüsusi mülkiyyətdə olan meşə sahələrinə və kənd təsərrüfatı torpaqlarına ziyan dəyib.

Araşdırma nəticəsində qəza ilə bağlı cinayət işi başlanması tövsiyə edilməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”