Almaniyanın mərkəzi hissəsində yerləşən Frankenberqdə (Hessen federal torpağı) xəstəxanada baş verən yanğın nəticəsində azı bir nəfər ölüb, 13 nəfər isə zəhərlənib.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
İlkin məlumatlara görə, palatalardan birində yanğın siqnalı işə düşüb. Hadisə yerinə bir neçə yanğınsöndürən, təcili tibbi yardım maşınları və tibb işçiləri cəlb olunub.
Ölən şəxsin yanğın baş verən palatadan olan xəstə olduğu ehtimal edilir. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb.
Daha 13 xəstə tüstüdən zəhərləndiyi və ya başqa tibbi yardıma ehtiyacı olduğu üçün başqa xəstəxanalara köçürülüb.
Xəstəxananın bəzi hissələri artıq istifadə oluna bilmədiyi üçün 150-yə yaxın xəstə yaxınlıqdakı klinikalara köçürülməli olub. Yanğının dəqiq səbəbi müəyyən edilməyib. Polis araşdırma aparır.