01 noyabr 2024 08:00
176

Haber7 telekanalı: COP29 iqlim böhranının həlli üçün son şansdır

Türkiyənin "Haber7" telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasının - COP29 məqsədləri fonunda bərpaolunan enerji mənbələrindən (BEM) daha fəal istifadənin əhəmiyyəti haqqında reportaj hazırlayıb. Xəbərdə COP29 iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, reportajda ölkələrin enerji təhlükəsizliyini və davamlı inkişafını təmin etmək üçün qazıntı yanacaq növlərindən imtina edilməsi zəruriliyinə diqqət yönəldən ekspert Emrah Özgülün qiymətləndirməsi təqdim olunur.

Türkiyəli ekspertin fikrincə, Türkiyənin ekoloji məqsədlərinə nail olmaq, o cümlədən 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfırlamaq üçün enerji sektoruna xüsusi diqqət yetirilməsi vacibdir.

Özgül BMT Baş Assambleyasının bu il sentyabrın sonunda dünyanın 143 dövləti tərəfindən təsdiq edilmiş “Gələcək naminə Pakt” sənədini xatırladıb. “Bu sənədə əsasən, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, qum-toz fırtınaları, ətraf mühitin çirklənməsi və digər ekoloji problemlər dövlətlərin təbii mühiti və inkişaf perspektivləri üçün ciddi risklər yaradır”, - deyə ekspert vurğulayıb ki, növbəti 10 il qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox vacibdir.

Dayanıqlı inkişaf, iqtisadi inkişaf, sosial sabitlik və milli təhlükəsizlik, bütün dünyada ölkələrin rifahının təşviq edilməsi sahəsində məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb edən enerjiyə çıxışın və enerji təhlükəsizliyinin təmin edilməsindən bəhs edən “Gələcək naminə Pakt”ın 25-ci maddəsinə xüsusi diqqət yetirilir.

Bununla əlaqədar olaraq, ekspert 2030-cu ilə qədər bütün dünyada bərpaolunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin artırılmasının qlobal orta illik sürətinin iki dəfə artırılması çağırışını xatırladıb.

Reportajda COP28 konfransında qazıntı yanacaq istehlakını azaltmağa hazır olduqlarını bəyan edən ölkələrin vədlərinə əməl etmədikləri, təmiz enerji mənbələrindən istifadə həcminin isə arzuolunandan çox aşağı olduğu göstərilir.

Qeyd olunur ki, Azərbaycanda keçiriləcək konfransın prioritet istiqamətlərindən biri iqlim maliyyələşməsi və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələri üzrə konsensus məsələsi olacaq.

Emrah Özgülün fikrincə, Azərbaycanda COP29 iştirakçıları tərəfindən müzakirə olunacaq “Yeni Kollektiv Kəmiyyət Məqsədi” (NCQG) sənədi müstəsna əhəmiyyət kəsb edir.

“COP29-un gündəminin mühüm maddəsi həm də inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərdən dəyən zərərin ödənilməsinə kömək məqsədilə yaradılmış İtki və Zərər Fondunun effektivliyinin artırılmasıdır”, - deyə türkiyəli ekspert davam edib.

O, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının enerji təchizatının təhlükəsizliyini strateji əhəmiyyətli məsələ kimi qəbul edən Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ekspert uğurlu nümunə kimi Türkiyə liderinin xanımı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən və hazırda ekoloji hərəkata çevrilən, artıq 105 ölkəni əhatə edən “Sıfır Tullantı” təşəbbüsünü göstərib.