Yaponiyanın Baş naziri Şiqeru İşiba noyabrda Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ilk görüşü üçün hazırlıqlara başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu görüş iki qonşu ölkənin qarşılıqlı maraqlarını təsdiqləmək və əməkdaşlıq yollarını tapmaq məqsədi daşıyacaq. Görüş noyabrın 15-16-da Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində və ya noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində baş tuta bilər. Yaponiyanın Baş nazirinin hər iki görüşdə iştirak etmək niyyətində olduğu bildirilir.
Oktyabrın 10-da İşiba artıq Laosda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammiti çərçivəsində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Qianq ilə görüşüb. Daha sonra tərəflər strateji əməkdaşlığın gücləndirilməsi və mövcud problemlərin konstruktiv həlli istiqamətində çıxış ediblər.
Son aylarda Tokio və Pekin ikitərəfli münasibətləri sabitləşdirmək istiqamətində kurs təyin ediblər. Xüsusilə, sentyabrın sonunda tərəflər “Fukusima-1” AES-dən təmizlənmiş suyun okeana axıdılmasına başlandıqdan sonra dayandırılmış Yaponiya dəniz məhsullarının Çin bazarına idxalını mərhələli şəkildə bərpa etmək barədə razılığa gəliblər.