31 oktyabr 2024 01:59
283

Bu qardaşlıq sarsılmazdır

Azərbaycanın Pakistanla müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişlənir

Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində qətiyyətli mövqeyi ilə seçilən ölkə olub.  İkinci Qarabağ müharibəsində, həmçinin ötən il sentyabrın 19-20-də ordumuzun Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri zamanı da sözügedən ölkə Türkiyə kimi Azərbaycanın yanında olub və siyasi, mənəvi dəstəyi ilə onun haqq işini müdafiə edib. Üstəlik, beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Pakistan ölkəmizin maraqları naminə dünya birli­yinə açıq mesajlar ünvanlamaqla  təcavüzkar Ermə­nistanın havadarlarını sarsıdıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində bütün bunları belə xarakterizə edib: “Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib”.

Yeri gəlmişkən, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm  qələbəsindən Pakistan ölkəmiz qədər məmnun olub və onu yüksək qiymətləndirib. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  vurğulayıb ki,  yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra  bu məsələyə yenidən baxıla bilər. Ümumiyyətlə, Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi Pakistan ölkəmizə həssaslıqla yanaşır. Şübhəsiz, cari ilin iyul ayında qardaş ölkəyə səfəri zamanı Prezident İlham Əliyevin təyyarəsinin Pakistanın hava məkanında Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılanmasını və enənədək müşayiət etməsini, dövlətimizin başçısının  şərəfinə toplardan yaylım atəşi açılmasını, Azərbaycana, həmçinin dövlətimizin başçısına olan dərin hörmət və ehtiramın təzahürü kimi dəyərləndirmək olar. 

Prezident İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən bütün bunların dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxmasına töhfə verdiyini bir daha vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini  bundan sonra da dəstəkləyəcəklərini qeyd edib. Buna nümunə kimi ötən ay Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C çoxfunksiyalı təyyarələr göstərilib və bu faktın müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Bu səfər çərçivəsində keçirilən digər görüşlərdə də müxtəlif  məsələlərlə yanaşı, Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar geniş müzakirə olunub. Məsələn, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla “Üç qardaş” şüarı altında Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsi, intensivliyinin artırılması xüsusi vurğulanıb. Müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşdə də bu məsələ diqqət mərkəzində olmaqla yanaşı, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, son illər ölkəmizlə ticarət dövriyyəsini artıran Pakistan Bakıda gələn ay keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) layiqincə təmsil olunacaq. Əminliklə demək olar ki, bu gün Azərbaycan-Pakistan münasibətləri, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq hər iki ölkənin səyləri nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Şübhəsiz, bu da Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açacaq. Bu səfər çərçivəsində söylənilən fikirlər də bunu bir daha təsdiq edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”