20 oktyabr 2025 13:00
181

Azərbaycan-Qazaxıstan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykənir

Azərbaycan-Qazaxıstan əlaqələri qarşılıqlı hörmət, dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq zəngin tarixi ənənə və möhkəm təməllər üzərində irəliləməkdədir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni bağlar, oxşar ənənələr və mənəvi dəyərlər, ortaq türk kimliyi münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayır. Əsrlərə söykənən qardaşlıq dövlət başçılarının səyləri nəticəsində son illərdə yüksək dərəcədə möhkəmlənərək Azərbaycan və Qazaxıstan arasında olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldırıb.

Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan konstruktiv dialoqdur.

Dövlətimizin başçısının xatırlatdığını kimi, ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası ‒ təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Ələlxüsus da 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub.

Son illər Prezident İlham Əliyevin Qazaxıstana müntəzəm xarakter alan səfərləri, eləcə də qardaş ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.

Hazırda Qazaxıstana yeddinci səfərini gerçəkləşdirən Azərbaycan Prezidentinin həmkarı Kasım-Jomart Tokayevlə ötən müddətdə apardığı müzakirələr faydalı və səmərəli olmaqla münasibətlərin yeni mərhələyə daxil olmasına əhəmiyyətli təsir göstərib.

Yeri gəlmişkən, Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyəti də mühüm siyasi-iqtisadi faktor kimi xüsusi vurğulanmalıdır. Yeni platforma əlaqələrin dinamikasını və ritmini daha da genişlənib. Astanada keçiriləcək ikinci iclas isə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və yeni istiqamətini müəyyən edəcək.

Rəsmi Astana və Bakı ikitərəfli formatlarda yaxın təmasları dərinləşdirməklə bərabər, çoxtərəfli plartformalarda da müştərək mövqe nümayiş etdirərək bir-birini daim dəstəkləyir, mühüm siyasi-iqtisadi qərarlar qəbul edilməsində yekdillik nümayiş etdirirlər. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq təsisatlar çərçivəsində qurulmuş sıx əməkdaşlıqlar hərtərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfələr verir.

Hər iki dövlət son illərdə nəqliyyat, logistika, neft-qaz, eləcə də “yaşıl enerji” sahələrində əməkdaşlığın yeni səhifələrini yazaraq iqtisadi-siyasi-humanitar proqramların icrasını strateji nöqtəyə yüksəldib.

İqtisadi-ticari əməkdaşlığın spektri ildən-ilə daha da genişlənir, əmtəə dövriyyələrini artırır, dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında aparılan fəal dialoq iqtisadi və investisiya mübadilələrini gücləndirir. Bu iqtisadi etimad və qarşılıqlı biznes əlaqələrinin nəticəsidir ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb.

Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, investisiya təşviqləri də səmərə verməkdədir. Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən korporasiya və kommersiya strukturlarının sayı 250-yə çatıb. Eləcə də, qardaş ölkədə Azərbaycan investorlarının fəallığı müşahidə edilməkdədir. Bu dinamikanın sayəsində Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, qarşı tərəfin ölkəmizə yatırımları 136 milyon dollara çatıb.

Tərəflər arasında iqtisadi proqramların yeni şaxələrindən biri kimi işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərini qeyd etmək olar. Azərbaycan ərazilərini azad etdikdən sonra Qazaxıstan Qarabağ və Şərqi-Zəngəzurda apardığı sürətli quruculuq və inkişaf layihələrinə qatılmaqla öz qardaşlıq dəstəyini təsdiq etdi. Cənab Prezidentin vurğuladığı kimi, Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi əsl qardaşlığın nümunəsidir. Bu tükənməz təşəbbüslər davam edir, cənab Tokayevin ötən dövrlərdə bu bölgəyə səfərləri Qazaxıstanın rifah və iqtisadi dirçəlişə töhfə vermək niyyətlərini göstərməklə, dostluğun və sarsılmaz qardaşlığın təzahürüdür.

Hər iki dövlətin müştərək iqtisadi platformalarda atdığı qətiyyətli addımlar regional iqtisadi və investisiya təşəbbüskarlığını əks etdirməklə, ümumilikdə regionun tərəqqisinə səbəb olur. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyinin artması böyük bir coğrafi logistika qovşağını möhkəmləndirir. Məhz bu tranzit sütunu üzərində qurulmuş birgə səylərin nəticəsində 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında daşımaların həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı imzalanmış saziş isə həm tranzit həcmlərini, həm də mal mübadiləsinin həcmini yüksəldəcək.

İki qardaş xalq arasında mədəni-humanitar əlaqələrin dinamikası da sevindiricidir, çoxsaylı mədəni tədbirlər də bunu təsdiq edir. Onlardan ən mühümü 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin, eləcə də, qazax ədəbiyyatının ən görkəmli simalardan biri Kemel Tokayevin 2023-cü ildə Bakıda 100 illik, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfransların keçirilməsini qeyd etmək olar.

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir, regional layihələrin təşəbbüskarı kimi liderlik edirlər. Prezident İlham Əliyevin müsahibədə bu məsələyə xüsusi diqqət çəkərək qeyd etdiyi kimi, ötən il TDT-nin Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşünün, bu yaxınlarda isə Qəbələdə 12-ci Zirvə Görüşünün keçirilməsi və imzalanan bəyannamələr Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verəcək.

TDT-nin inkişaf prioritetlərini nəzərdə tutan iqtisadi konseptlərdən biri də Orta Dəhlizdir, bu nəqliyyat arteriyası Türk dünyasının ümumişlək nəqliyyat habı hesab edilir. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi”nin imzalanması da bu strateji baxışa əsaslanır və üç qardaş ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını nəzərdə tutur.

Növbəti mərhələdə bu yol xəritəsi digər türk dövlətlərini də bir nəqliyyat ailəsində birləşdirəcək, Orta Dəhlizin Zəngəzurla qovuşması vahid nəqliyyat-logistika zəncirində birləşməni təmin etməklə inkişaf və rifah hədəflərinə çatmağı sürətləndirəcək.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstanın dövlət başçılarının ənənəyə çevrilmiş qarşılıqlı səfərləri və apardığı geniş müzakirələr yeni aktual çağırışlardan irəli gələn bütün məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir, təmaslara yeni keyfiyyət zənginliyi qatır.

Ramid Namazov,
​Milli Məclisin deputatı