20 oktyabr 2025 20:15
129

Zəngilan şəhəri günü sabahlara böyük inamla qeyd olunur

Ermənistan Azərbaycanın təklif etdiyi sülh danışıqlarından yayınırdı, regionda mövcud sta­tus-kvonu saxlamağa çalışırdı. Azərbaycan torpaqlarını azad etmək üçün döyüşlərə hazır idi – güclü ordusu vardı, ordunun güclü təminatı, peşəkar zabitləri vardı. Son vaxtlar keçirilən təlimlər şəxsi heyətin peşəkarlığını daha da artırmışdı...

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı...

Zəngilan 1993-cü il oktyabrın 29-da işğal olunmuşdu, əhali çətinliklərlə Araz çayını keçib İran ərazisinə çıxa bilmişdi, Azərbaycanın 43 rayonunda məskunlaşmışdı. Doğma kəndlərinə qa­yı­­dacaqları günü 27 il həsrətlə gözləmişdilər…

İşğal zamanı ermənilər Zəngilanda onlarla tarixi abidəni, ziyarətgahı dağıtmışdı.

İkinci Qarabağ müharibəsində ordumuz döyüşə-döyüşə qələbələr qazanırdı. Oktyabrın 20-də Zən­gi­lanı işğaldan azad etdi.  Azərbaycan Ordusu  Zəngilan rayonunun azad edilməsi uğrunda əmə­liy­yata oktyabrın 18-də başladı, iki gündən sonra qələbə qazandı. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Mu­ğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu döyüşlərdə Azərbaycan Ordusunun Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndi işğaldan azad edildiyini bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 26-da imzaladığı Sərəncamla “Zəngilanın azad edilməsinə görə” medalı təsis olundu. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iş­ti­rak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvə­lə­ri­nin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu.

Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilər üzrə mühüm dövlət proqramları həyata keçirilməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olundu. 20 oktyabr Zəngilan şəhəri Günü kimi qeyd edilir... Bu Sərəncam İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin mahiyyətinin davamıdır.

Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində 200 evdən ibarət gözəl və müasir bir kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına qayıtmağa başladı. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisas­la­rına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar müxtəlif dövlət qurum­larında, ic­ti­mai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışırlar.

Ərazisindən 4 çay –Araz, Oxçuçay, Həkəri və Bəsitçay keçən Zəngilanda Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilib. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avto­mo­bil yolları da keçəcək və Naxçıvana yol açılacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilana 12 səfəri rayonda quruculuq işlərinin vüsəti deməkdir...

20 oktyabr Zəngilan şəhəri günüdür. Bu gün yaxın vaxtlarda tam bərpa olunmuş Zəngilanda böyük coşqu ilə qeyd olunacaqdır...

Zəngilan şəhəri günü sabahlara böyük inamla qeyd olunur...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı