27 oktyabr 2024 20:12
216

NHK: Yaponiyanın hakim partiyası parlamentdə üstünlüyü itirə bilər

Oktyabrın 27-də Yaponiyada keçirilmiş parlament seçkiləri nəticəsində hakim Liberal Demokrat Partiyası qanunverici orqandakı üstünlüyünü itirə bilər.

“İki sahil” xəbər verir ki, NHK kanalının səsvermə günü 4 min məntəqə üzrə apardığı “exit-poll” sorğusunun nəticələri hakim partiyanın parlamentdə təkbaşına üstünlük qazana bilməyəcəyini göstərir.

Yerli vaxtla saat 20:00-da səsverməyə yekun vurulub. “Exit-poll” sorğuları hakim partiyanın və onunla koalisiyada olan partiyaların parlamentin aşağı palatasında 174-254 arası yer qazandığını göstərir. Baş nazir Siqeru İsibanın rəhbərlik etdiyi LDP və onun koalisiya ortağı “Komeyto” partiyası hökuməti formalaşdırmaq üçün parlamentin aşağı palatasında 465 yerdən ən azı 233-nü qazanmalıdır. Bundan əvvəlki seçkidə LDP 247, “Komeyto” isə 32 yer qazana bilmişdi.

Sorğuların nəticələri əsas müxalif qüvvə olan Konstitusiya Demokrat Partiyasının 128-191 arası yer qazana biləcəyini göstərir.

Qeyd edək ki, yeni Baş nazir Siqeru İsibanın təklifi ilə Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən iclasında parlamentin aşağı palatasının buraxılması və oktyabrın 27-nə vaxtından əvvəl ümumi seçkilərin təyin edilməsi barədə qərar qəbul edib.

Səsvermə yerli vaxtla saat 7:00-da başlayıb. Aşağı palatadakı 465 yerin 289-u birbaşa (majoritar), 176-sı isə proporsional (partiya siyahısı üzrə) qaydada seçilməlidir. Deputat mandatı uğrunda 1344 namizəd mübarizə aparıb.

Yaponiyada 2012-ci ildən bəri keçirilmiş parlament seçkilərində həmişə LDP qalib gəlib.