26 oktyabr 2024 17:05
98

Amerikalı ekspert: COP29 bərpaolunan enerji əməkdaşlığını gücləndirmək üçün ABŞ və Azərbaycan üçün xüsusi fürsətdir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin yaşıl enerjiyə keçidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda yaşıl enerjiyə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq yaşıl enerjinin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdaşlar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensial var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması yaşıl enerjinin yeni dövrünün başlanğıcı olacaq.

“İki sahil” xəbər verir ki, mövzu ilə bağlı AZƏRTAC-ın suallarını beynəlxalq münasibətlər üzrə ABŞ eksperti Piter Teys cavablandırır.

- Azərbaycanda keçiriləcək COP29 konfransının həll etməli olduğu əsas vəzifələr hansılardır? Bu konfransdan gözləntiləriniz nədir?

- Azərbaycan Prezidenti İlham Əliyev ölkəni davamlı iqtisadi artıma, qabaqcıl texnoloji nailiyyətlərə və emissiyaların azaldılması siyasəti istiqamətində yüksək parametrlərə malik ölkələrin ilk beşliyinə daxil edib. Azərbaycanın COP29-da məqsədi gələcək onilliklər üçün əsas istinad nöqtəsi kimi “Yaşıl dünya naminə həmrəylik” mövzusunda qlobal siyasəti formalaşdırmaqdır. Azərbaycan hökuməti COP29 üçün üç əsas sütunu əhatə edən fəaliyyət çərçivəsi hazırlayıb:

1. Qlobal istiləşməni nəzarət altında və temperaturu 1,5°C-də saxlamaq məqsədi ilə emissiyaları azaltmaq üçün davamlı tədbirlər görmək, bu təşəbbüsün bütün tərəflərini bir araya gətirmək.

2. İqlim dəyişikliyi ilə bağlı milli ambisiyaların artırılması və iqlimin maliyyələşdirilməsi təklifləri kimi bu cür fəaliyyət üçün lazım olan mexanizmlərin səfərbər edilməsi. Bu bənd emissiyaları azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq və xərclərlə bağlı problemləri həll etmək üçün artan maliyyə ehtiyacına toxunur.

3. Bakıda keçiriləcək COP29, tərəflərdən 2035-ci ilə qədər olan dövr üçün yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) təqdim etmələri tələb olunacaq əsas konfrans olacaq. Bu milli hədəflər hər beş ildən bir daha iddialı olan iqlim dəyişikliyi öhdəliklərini dəstəkləyir. COP29-da tərəflər, həmçinin inkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsi təmin etmək üçün yeni məqsədi müzakirə edəcəklər.

Bir çox tərəflər COP29-a “maliyyə COP”u kimi baxır və danışıqları bir sıra maliyyə alətlərinin inkişafı üçün kritik hesab edirlər. NDC iqlim dəyişikliyini həll etmək üçün milli planlardır. Paris Sazişinin tərəfləri olan ölkələrdən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri hər beş ildən bir dərc etmələri və nəzərdən keçirmələri tələb olunur.

- Sizcə yaşıl keçidin əsas üstünlükləri hansılardır?

- Yaşıl enerjiyə davamlı keçid həm iqlim dəyişikliyi ilə mübarizə, həm də davamlı iqtisadiyyat yaratmaq üçün əsasdır. İlk növbədə dünya ölkələri karbon emissiyalarını azaltmalıdır. Bu məqsəd ölkələrdən təmiz enerjiyə keçid yolu ilə qalıq yanacaqlardan istifadəni əhəmiyyətli dərəcədə azaltmağı tələb edir. Statistikalar və araşdırmalar göstərir ki, əksər inkişaf etməkdə olan bazar ölkələri son illərdə yaşıl bərpa siyasətini qəbul etməyə, qalıq yanacaqlardan asılılığını azaltmağa və bu yanacaqların qiymətlərini aşağı salmağa meyillidirlər.

- Yaşıl keçidi sürətləndirmək üçün ölkələr hansı tədbirləri görməlidir?

- Qlobal bazar lazım olan miqyasda bərpaolunan enerjiyə keçidi idarə etmək üçün kifayət qədər güclü yeganə qüvvədir və bu, yalnız təmiz enerji texnologiyaları subsidiyalar və tənzimləmələr olmadan üstünlük təşkil edə bildikdə işləyəcək. Buna görə də ekspertlər qiymət/performans paritetinə (P3) nail olmağı təklif edirlər. Hökumətlərin əsas rolu geniş spektrli texnologiyaların P3-ə çatmasına kömək etməkdir. Bəzi həllər rəqabətqabiliyyətli olmaq üçün texnoloji irəliləyişlər və ya miqyas tələb edir: hökumətlər bu sənayelərə və texnologiya bizneslərinə rəqabətin bu səviyyələrinə çatmaqda kömək etməlidirlər. Digərləri heç vaxt P3-ə çatmayacaq; buna görə də onlara investisiya qoyulmalı və innovasiyaya yönəldilməlidir. Hökumətlər fərqi dərk etməlidir.

- Bakı yaşıl iqtisadiyyata keçid istiqamətində hansı mühüm addımları atıb?

- Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən qlobal enerji keçidinin əsas iştirakçılarından birinə çevrilməyi hədəfləyir. Bir sıra beynəlxalq tərəfdaşlıqlar, o cümlədən külək stansiyalarının tikintisi üçün “Masdar” ilə birgə müəssisələr və Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün bp ilə əməkdaşlıq çərçivəsində ölkə bərpaolunan mənbələrə diqqət yetirməklə təmiz enerjiyə sadiqliyini nümayiş etdirir. Bundan əlavə, Azərbaycan Qarabağ regionunu yaşıl enerji zonası elan edib və 2030-cu ilə qədər 500 MVt gücə çatmaq məqsədi ilə hidroenergetika layihələrinə diqqət yetirir.

- ABŞ və Azərbaycan yaşıl enerjiyə keçiddə necə əməkdaşlıq edə bilər?

- Azərbaycan və ABŞ arasında energetika sahəsində strateji əməkdaşlıq 1994-cü ildə ABŞ şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağının birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”nə cəlb olunması ilə başlayıb. Azərbaycan nümayəndələri ilə ABŞ-ın energetika naziri arasında son dialoqlar enerji təhlükəsizliyi və bərpaolunan enerji təşəbbüsləri üzrə birgə işləmək imkanını vurğulayır. Dayanıqlı enerji və texnologiya transferinə diqqət yetirməklə, Bakıda keçirilən COP29 bərpaolunan enerji üzrə əməkdaşlığı gücləndirmək üçün ABŞ və Azərbaycan üçün xüsusi fürsətdir. ABŞ Azərbaycanın qeyri-karbohidrogen enerji mənbələrinə keçidini dəstəkləməklə beynəlxalq iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirə bilər. ABŞ-ın iqlim məqsədlərinin və Azərbaycanın COP29-da istəklərinin uyğunlaşdırılması birgə müəssisələr və texnologiya transferləri, enerji təhlükəsizliyinin və regional sabitliyin artırılması da daxil olmaqla əməkdaşlıq üçün geniş perspektivlər açır. ABŞ hökuməti və özəl sektor biznes ictimaiyyəti Azərbaycanın yaşıl iqtisadiyyat, dairəvi iqtisadiyyat, memarlıq dizaynı, müdafiə texnologiyası, kənd təsərrüfatı və humanitar layihələr sahələrindəki təşəbbüslərini dəstəkləyib.

- Azərbaycanın bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini ixrac edən ölkəyə çevrilmək imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycanın böyük hidroloji resursları var ki, bu da onun milli iqtisadiyyatına qonşu ölkələrə bərpaolunan enerji ixrac etməyə və regional təmiz enerji ixracında fəal iştirak etməyə imkan verəcək. Təkcə Naxçıvan Muxtar Respublikasında yerli əhali üçün kifayət qədər elektrik enerjisi istehsal edən, həmçinin qonşu ölkələrə enerji ixracı üçün böyük potensiala malik altıdan çox su elektrik stansiyası var.

- Sizcə, Qarabağın yaşıl enerji zonasına çevrilməsi üçün nə dərəcədə potensial var?

- İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hökumətinin tam siyasi nəzarətinə keçən ölkənin işğaldan azad edilmiş əraziləri Qərbi Asiya və bütün Avropa qitəsi üçün yaşıl enerji mənbəyinə çevrilmək üçün təsirli potensiala malikdir. Azərbaycan hökuməti ölkənin bu münbit bölgələrini bütün dünyada uğurlu nümunə kimi istifadə edilən yaşıl enerji platformasına çevirməkdə qərarlıdır.